Gələcəyi görmək belə olar: “Sayılı günlər qaldı... Hazırlaşın. Od görürəm, tonqal ətrafında toplanmış insanlar görürəm. Gecəykən qapılar döyüləcək. Qapı pusaraq insanları dinləmək adi hala çevriləcək. Qazon parçaları süfrələrə qoyulacaq. Əllərində boyalı yumurta olan uşaqlar o yana-bu yana qaçışacaq”.
Dahiyanə deyilmi? Məhz elədir. Bircə şeyə təəssüf ki, həmkarım Elman Cəfərli bunu məzə üçün, yalançı falçıları, əldəqayırma proqnozçuları parodiya edərək yazıb.
Düzdür, sayılı günlərdən sonra onun yazdıqlarının hamısı doğrulacaq, amma bütün bunlar ona görə olacaq ki, bu xalq min illərdir Novruz bayramını bu və ya digər şəkildə bu cür hərəkətlərlə qeyd edir.
Yeni çıxmış fırıldaqçı ekstrasenslər isə bu olacaq işləri, oxumuş adamlar demişkən, rutin şeyləri bizə irəlini görürmüşlər kimi sırıyırlar. Nə vaxt baxırsan, saytlar psevdo-Nostradamusların səfeh-səfeh proqnozları ilə dolub-daşır.
“Müəllim, yazmağa mövzu yoxdur”. “Niyə yoxdur, zəng elə Zirəddinə, nə deyirsə, yaz, başqaları da götürüb paylaşacaq”. Vəssalam. Mövzu tapıldı. O sağ olmuş da heç olmasa bircə dəfə demir ki, vallah, üstümdə hazır proqnoz yoxdur, 1 saatdan sonra, ya da ertəsi gün zəng edin, gələcəyə baxım, görüm, bir şey görürəmmi.
Elə şey yoxdur, jurnalistdən zəng gəlibsə, ekstrasens mütləq gələcəyi görməlidir. Göyün buludlu, havanın dumanlı olmasının onlara dəxli yoxdur, onlar gələcəyi teleskopsuz görürlər.
Budur, ekstrasens yoldaş (Zirəddin Rzayev) yenə gələcəyi görüb. Bu dəfə o, Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni proqnozunu açıqlayıb. Həm də artıq jurnalistdən zəng gözləməyib, öz Teleqram kanalında yazıb.
Proqnoz belədir: "Kursk vilayətinin Ukrayna ordusu tərəfindən ələ keçirilimiş hissəsi azad olunduqdan sonra danışıqlar aparılacaq. Böyük ehtimal ki, bu, iki aydan çox çəkməyəcək. Aprel ayının isə Kurskun tarixi həyatında böyük rol oynayacağı qənaətindəyəm".
Dəqiqliyə baxın. RF-nin eks-prezidenti Dmitri Medvedyev ekstrasens olmasa da, üç ildir belə proqnozlar verir. O, hələ 2022-ci ilin aprelinin həlledici ay olacağını demişdi. Olmadı. Sonra 2023 və 2024-cü ildə də bir neçə “həlledici ay” gördü, amma o deyən məsələlər hələ də həll olunmayıb.
Zirəddin isə daha dəqiq yazıb: “Kursk vilayəti azad olunduqdan sonra... danışıqlar aparılacaq”.
İndi bəzi yoldaşlar deyəcəklər ki, bunu bilməyə nə var, istənilən müharibənin axırı danışıqlarla bitir. Məsələn, o boyda Hitler müharbəni uduzdu, ölkəsi dörd ölkə tərəfindən işğala məruz qaldı, özü intihar etdi, amma yenə də müharibə danışıqlarla bitdi. Sadəcə, Almaniyanı təmsil edən Vilhelm Keyteli danışmağa qoymadılar, müttəfiq dövlətlərin generalları hazır sənədi masanın üstünə qoyub dedilər, herr, bax, bura, bura, quş qoyduğumuz yerlərə qol çək, dur, aparsınlar, get.
Zirəddin və ya başqa ekstrasenslər desinlər, görək, belə aydın epizodlar görürlərmi?
Bax, Zelenski Ağ Evə getməzdən öncə bəzi siyasi “ekstrasens”lər ekstrasensasional şəkildə “görürdülər” ki, Zelenski oval kabinetdə quzu kimi oturur, eynilə Keytel kimi qarşısına qoyulan sənədlərin “bura, bura, quş qoyulan yerlər”inə qol çəkir və qayıdıb gəlir ölkəsinə. Ancaq o, neynədi? Proqnoz verənlərin hamısını yanıltdı, Trampı hirsləndirdi, Vensi, türkün sözü, çıldırtdı, Putini məyus etdi, Starmer və Trüdoya qürur duydurdu, heç qayıdıb öz ölkəsinə də getmədi, Londona yollandı.
Pərtləşmiş ekstrasenslər isə yeni proqnozlar verməklə vəziyyətdən çıxmağa çalışdılar, dedilər ki, bitdi Ukrayna, indi Tramp südü kəsəcək, Gerasimin tankları düz Kiyevə qədər gedəcəklər, Zelenski öldürüləcək, Sırski təslim olacaq, Poroşenko və Timoşenko təzədən hakimiyyətə gələcək.
Üstündən iki həftə keçib, o proqnozlar da doğrulmayıb. Hesabla indi Kiyevdə ...şenkoların hakimiyyəti bərqərar olmalıydı. Yoxdur.
Demək, Ukrayna proqnoza gəlmir. “Kiyev 3 günə düşəcək” proqnozu zay çıxandan sonra ən yaxşısı, proqnoz vermədən oturub işin gedişatına tamaşa etmək idi, amma heç kəsə dərs olmayıb.
Zirəddin isə nahaq bu işlərə girir. Əvvəllər o, gələcəkdə zəlzələ, külək, yağış, yanğın “görürdü”, hamısı da “düz çıxırdı”. Siyasət qəliz işdir. Heç siyasətin biləndarı olan Çörçill də gələcəkdə çox şeyi dəqiq görə bilməyib və belə bir fikir söyləyib ki, siyasətçi verdiyi proqnozun düzgün çıxmadığını görəndə gərək onun nədən düz çıxmaığını ağıllı-ağıllı izah etməyi bacarsın.
Bu, o qədər də çətin deyil. Belə yerdə proqnozu qara gəlmişlər bir az artıq zəvzəyirlər, iş bitir. Əslində heç camaat da köhnə proqnozların nədən düz çıxmadığıyla maraqlanmır, çünki ortalıqda yeni-yeni və çoxlu-çoxlu proqnozlar olur.
Samir Sarı
Mənbə: Musavat.com