Bakıda 34 yaşlı kişi arvadını bu səbəbdən döydü

KRİMİNAL 13 mart 2025, 21:28
Bakının Nizami rayonunda 1991-ci il təvəllüdlü Şahin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Bahara (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki binalardan birinin 3-cü blokunun qarşısında baş verib. 

Şahin orada  keçmiş arvadı Baharı idarə etdiyi avtomobilin sükan arxasında olarkən kənar şəxs tərəfindən alınmış tortu övladına yedizdirə bilməyəcəyini sonuncuya deməsindən sonra aralarında baş vermiş mübahisə zamanı onu nalayiq ifadələrlə təhqir edib. 

Bundan sonra o, avtomobildə sükan arxasında olan keçmiş arvadını sağ qol nahiyəsinə yumruqla vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2019-cu ildə Bahar ilə ailə həyatı qurub və bu nikahdan bir azyaşlı övladları var: “İlk əvvəllər münasibətlərimiz normal olsa da, sonra münasibətlərimiz alınmadığı üçün 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinin qərarı əsasında rəsmi şəkildə ayrıldıq. Məlum hadisə günü, yəni 2024-cü ildə, saat təxminən 19 radələrində qızım Səliməni gəzdirdikdən sonra evə qoymaq üçün keçmiş arvadım Baharın yaşadığı binanın qarşısına gəldim. Mən binanın 3-cü blokunun qarşısında olan zaman arvadımın “Kia Optima” markalı avtomobil ilə gəldiyini gördüm. O, avtomobil ilə gəldikdən sonra avtomobilin pəncərəsini endirərək qızım Səliməyə tort aldığını bildirdi. Bu zaman Bahara həmin tortun özünün almadığını, qeyri-rəsmi münasibətdə olduğu hər hansı kənar şəxs tərəfindən aldığını, onu övladıma yedirtməsinə icazə verməyəcəyimi bildirdim. Bahar bu məsələnin mənə heç bir aidiyyətinin olmadığı ifadəsini işlədərək ünvanıma nalayiq ifadələr işlətdi. Mən Baharın nalayiq ifadələr ilə təhqir etməsindən sonra əsəblərimə hakim ola bilmədim, avtomobilə yaxınlaşaraq bir dəfə onun sağ qol nahiyəsinə yumruqla vurdum. Baharı vurduqdan sonra avtomobili sürərək gedən zaman yenidən ünvanıma nalayiq ifadə işlətdiyi üçün əlim ilə bir dəfə avtomobilin şüşəsinə, sonradan isə təpiklə arxa hissəsinə vurdum”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonradan mübahisələri sonlanıb: “Aramızda baş vermiş mübahisə 1-2 dəqiqə ərzində davam etdi. Mübahisə zamanı ətrafda heç kim olmadığı üçün hadisəyə heç kim şahid olmayıb”.

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Şahinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 20:59
Top