"Hansısa dəvətə görə orucu pozmaq dində günah hesab edilir" — İlahiyyatçı

GÜNDƏM 10 mart 2025, 18:13
"İslam dinində oruc, Allahın fərz buyurduğu ibadətlərdən biridir və əsasən Ramazan ayında tutulur. Oruc, sübh azanından məğrib azanına qədər yemək, içmək və cinsi yaxınlıqdan çəkinmək deməkdir.

Əgər oruc tutan şəxs vacib bir nahar yeməyinə dəvət alarsa, bu, orucunu pozmaq üçün kifayət qədər əsas sayılmır. Çünki İslamda vacib hesab edilən hallarda belə, ibadətlərin davam etdirilməsi əsas prinsiplərdən biridir. Sadəcə sosial və ya ictimai münasibətləri qorumaq məqsədilə orucu pozmaq dini baxımdan icazəli deyil və günah hesab olunur".

Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 

"Orucu pozmağın günah sayılmadığı bəzi hallar var ki, bunlar əsasən insanın sağlamlığı və həyatı ilə bağlıdır. Səfər halında, xəstəlik halında, hamiləlik və uşaq əmzirmə dövründə, şiddətli aclıq və susuzluq hiss etdikdə, başqa biri tərəfindən məcbur edikdikdə orucu pozmaq günah hesab edilmir".

İlahiyyatçı qeyd edib ki, oruc tutan şəxs sadəcə sosial bir tədbirə dəvət aldığı üçün orucunu pozmamalıdır:

"Ancaq yuxarıda sadalanan zəruri hallardan biri baş verərsə, orucu pozmaq günah sayılmır və sonra qəza edilməlidir. Orucun pozulmasına zərurət yaranan hallarda fərd mümkün qədər Allahın müəyyən etdiyi asanlıq prinsipini (Qurani-Kərim, Bəqərə surəsi, 185-ci ayə) əsas götürməlidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 mart 2025, 21:39
Top