Məşhur arıqlama dərmanlarının zərərsiz analoqu tapıldı

MARAQLI 07 mart 2025, 09:12
Amerikalı alimlər Stenford Tibb Məktəbi və bir sıra digər ölkələrdən olan tədqiqatçılarla birgə BRP adlı təbii molekulu aşkar ediblər. Bu molekul iştahı azaldaraq çəkinin aşağı düşməsinə kömək edir və populyar semaqlutid dərmanlarına ("Ozempic", "Veqovi" və s.) bənzər təsir göstərir.

Oxu.Az-ın məlumatına görə, araşdırma "Nature" elmi jurnalında dərc olunub.

BRP molekulu beyində iştah və maddələr mübadiləsinə cavabdeh olan hipotalamusda yerləşən neyronları aktivləşdirərək, fərqli, lakin semaqlutidə bənzər metabolik bir yol vasitəsilə təsir edir. Semaqlutid beyində, bağırsaqlarda və digər toxumalarda reseptorları stimullaşdırdığı halda, BRP daha hədəfli və konkret təsir mexanizminə malikdir.

"BRP, görünür, yalnız hipotalamusa təsir edir. Bu isə onun çəki azaltmaq üçün daha təhlükəsiz bir alternativ ola biləcəyini göstərir" , - deyə tədqiqatın aparıcı müəllifi Ketrin Svensson bildirib.

Alimlər BRP-nin identifikasiyası üçün süni intellektdən istifadə ediblər.

Heyvanlar üzərində aparılan sınaqlar BRP-nin effektivliyini təsdiqləyib. Arıq siçanlar və kiçik donuzlarda BRP inyeksiyası qida qəbulunu 50% azaldıb və təmiz təsir saatlar ərzində müşahidə olunub. 14 gün ərzində BRP qəbul edən kök siçanlar isə orta hesabla 3 qram çəki itirib. Bu, əsasən yağ toxumasının azalması hesabına baş verib. Həmçinin qlükoza və insulinə tolerantlıq yaxşılaşıb.

Ən önəmlisi isə odur ki, BRP heç bir yan təsir yaratmayıb. O, su qəbuluna, həzm prosesinə və davranışa mənfi təsir göstərməyib. Bu isə molekulu gələcək klinik tədqiqatlar üçün ümidverici bir namizəd edir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 mart 2025, 08:30
Top