Gədəbəydə 42 yaşlı kişi tanışına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 06 mart 2025, 17:07
Gədəbəy rayonunda 1983-cü il təvəllüdlü Anar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elmana (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 mart 2024-cü ildə Gədəbəy rayonunun kəndi ərazisində yerləşən çay evində baş verib. Anar orada olarkən həmin vaxt oraya gəlmiş həmkəndlisi və tanışı Elmanın onunla kobud zarafat etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisəni çay evinin qarşısında davam etdirib. 

Orada Elmanın sifət nahiyəsinə qəsdən ardıcıl yumruq zərbələri endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Anarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Elmanı uzun müddətdir tanıyır: “Onunla aramızda əvvəllər düşmənçilik və ədavət olmayıb. Martın 5-də, saat 15:00-da kəndin mərkəzində olan kafedə masada oturan zaman Elman arxadan gələrək, mənə domino oynamağı təklif etdi, arxa tərəfdən boyun nahiyəmə yumruqla vurdu. Zərbənin təsirindən alnım masaya dəydi. Mən ayağa qalxdım və Elmanla mübahisə etdim, məni niyə vurmasını soruşdum. Elman isə məni nalayiq sözlərlə söyüb təhqir etdi və çölə çıxdı. Mən də Elmandan sonra çölə çıxdım, maşınıma minərək evə getmək istədim. Bu zaman Elman maşına yaxınlaşaraq yenə məni söyüb təhqir etdi. Maşından düşərək Elmana məni söyüb təhqir etməməsini, çıxıb getməsini bildirdim. Lakin Elman hərəkətlərinə davam etdi, mənim sifət nahiyəmə yumruqla zərbə endirdi. Mən də əlimin yan hissəsi ilə Elmanın şəxs sifət nahiyəsinə bir dəfə zərbə endirdim. Daha sonra evimə getdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Elmanla mübahisəsi 9-10 dəqiqə davam edib: “Hadisə zamanı Nəriman adlı şəxs yanımızda olub. Hadisəni kənardan görən və hadisə yerinə gələn başqa şəxslər olmayıb. Mən törətdiyim cinayət əməlinə görə peşmanam”.

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Anarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top