Bu bitkilərin orqanizmə ciddi mənfi təsirləri də ola bilər — Həkimdən AÇIQLAMA

SOSİAL 05 mart 2025, 18:40
Alternativ tibb üsulları, məsələn, bitki mənşəli müalicələr, akupunktura və xalq təbabəti minilliklərdir ki, mövcuddur. Lakin müasir tibbin inkişafı ilə bu metodların effektivliyi və etibarlılığı sual altına düşür. 

Bəs insanlar nəyə inanmalıdır? 

Alternativ tibb və müasir tibb arasında balans necə qorunmalıdır?

Mövzu ilə bağlı həkim, terapevt Sübhan Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, həkimlər həmişə sübuta əsaslanan tibbin üstünlüyünü vurğulayır:

“Çünki bir pasiyentin müayinə prosesi zamanı ən vacib amil onun dəqiq diaqnozunun müəyyən edilməsidir. Diaqnoz dəqiqləşdirildikdən sonra isə müvafiq müalicə üsulları tətbiq edilir. Müalicə metodlarına medikamentoz terapiya, invaziv müdaxilələr və cərrahi əməliyyatlar daxildir. Medikamentoz terapiya dedikdə isə müxtəlif növ dərmanların – dövlət qeydiyyatından keçmiş, təsiri və əks təsiri kliniki sınaqlarla sübut olunmuş və istifadəsi rəsmi şəkildə təsdiqlənmiş preparatların istifadəsi nəzərdə tutulur. Lakin bu, o demək deyil ki, biz həkimlər bitki mənşəli preparatlara tamamilə qarşıyıq.

Əksinə, tibbdə istifadə olunan dərmanların böyük bir hissəsi bitki mənşəlidir və bu sahədə fəaliyyət göstərən böyük farmasevtik şirkətlər bitki tərkibli preparatların istehsalını həyata keçirirlər. Bu dərmanlar klinik sınaqlardan keçdiyi üçün onların tərkibi, təsir gücü, dozası xəstənin çəkisinə, yaşına, xəstəliyinin xarakterinə uyğun istifadəsi dəqiq müəyyən edilir. Əsas məsələ ondan ibarətdir ki, bu cür dərmanlar mütləq həkim nəzarətində qəbul olunmalıdır”.

S.Hacıyev onu da qeyd edib ki, insanların böyük bir hissəsi hesab edir ki, hər hansı bitki tərkibli maddə yalnız xeyirlidir və onun heç bir yan təsiri yoxdur:

“Bu isə tamamilə yanlış yanaşmadır. Çünki bir çox bitkilərin müsbət təsiri olduğu kimi, onların orqanizmə ciddi mənfi təsirləri də ola bilər. Məsələn, dazotu, eleuterokok və jenşen kimi bitkilər yüksək qan təzyiqindən əziyyət çəkən şəxslər üçün qəti şəkildə əks göstərişdir. Zəncirotu və əmə dərən isə mədə və onikibarmaq bağırsaq xorası olan xəstələrə tövsiyə edilmir. Bağayarpağı bəzi orqanlara faydalı olsa da, bağırsaqlarda sürüşkənlik yaradaraq ishala və tromboza səbəb ola bilər. 

Aloye isə qanaxmalara və şişlərin inkişafına yol aça bilər. Hətta bizə adi görünən bir bitki belə, qan laxtalanmasına təsir göstərərək ürək-damar xəstəliklərində ciddi fəsadlara səbəb ola bilər. Bütün bu amillər onu göstərir ki, bitkilərin hər zaman yalnız xeyirli olması düşüncəsi əsassızdır. Bu, sadəcə bir mifdir və tibbi cəhətdən qeyri-elmi yanaşmadır. 

Üstəlik, heç bir bitki tərkibli vasitə kəskin xəstəliklər dövründə istifadə edilməməlidir. Əks halda, bu, müalicənin gecikməsinə, xəstəliyin ağırlaşmasına, poliorqan çatışmazlığına və hətta xəstənin həyatını itirməsinə səbəb ola bilər”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top