İşgəncəyə məruz qalan azyaşlı anasından alındı

HADİSƏ 05 mart 2025, 12:00
Anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, azyaşlıya anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə rayon icra hakimiyyəti tərəfindən rayonun polis idarəsinə və rayon prokurorluğuna rəsmi müraciət edilib.

"Rayon polis idarəsi (RPİ) tərəfindən azyaşlının anası tapılaraq polis bölməsinə dəvət olunub. O, övladının olduğu yer barəsində məlumat verməkdən yayınsa da, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və rayon polis idarəsinin əməkdaşları tərəfindən azyaşlının olduğu yer müəyyən edilib. Uşağın anasının himayəsində saxlanılması onun həyatı üçün təhlükəli hesab edildiyindən həmin Komissiya və RPİ əməkdaşları tərəfindən azyaşlı olduğu yerdən dərhal götürülüb və müvafiq sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinin işçilərinə təhvil verilib", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ötən gün Bakının Suraxanı rayonunda ananın azyaşlı qızına şiddət göstərməsi və videoya çəkməsi ilə bağlı məlumat yayılmışdı. Uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə ana azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top