"MİDA satış prosesini təkmilləşdirməsə, dövlətin sosial siyasətinə zərər gələcək" — Ekspert

GÜNDƏM 24 fevral 2025, 18:10
"MİDA mənzil alqı-satqısı ilə bağlı olan prosesi təkmilləşdirməlidir. Vətəndaşlar dəfələrlə satış başlanan vaxtdan qısa vaxt ərzində alışın mümkün olmadığını, sistemə giriş edə bilmədiklərini bildiriblər. Keçən il DTX dələduzluqla bağlı bir qrupu zərərsizləşdirib. Həmin qrupa xakerkər daxil idi. Onlar vətəndaşların mənzil ala bilməsi üçün müəyyən məbləğ müqabilində sistemdə dəyişiklik edirdilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

"Bir neçə gün öncə sənədlərin saxtalaşdırılması ilə məşğul olan bir qrup ələ keçirildi. Bu cür meyillər hər zaman olur, ona görə də sistem və yanaşma təkmilləşdirilməlidir. Alqı-satqının elektron variantda aparılması obyektivliyin təmin olunmasında əsas şərtlərdən biridir. Elektron alış zamanı fərdi və subyektiv meyillər əsas götürülmür, vətəndaşların hamısına eyni münasibət göstərilir. Mənzil almaq istəyən şəxs elektrin qaydada prosesə daxil ola bilmirsə, vaxt baxımından çətinlik çəkirsə, prosesi uduzur".

O bildirib ki, müraciət edən şəxslər içərisində müasir texnoloji anlayışı olan insanların mənzil almaq imkanları daha çox olur:

"Bu yanaşma da obyektiv deyil. Kommissiya yaradılmalı və müraciət edən şəxslər fərdi qaydada araşdırılmalıdır. Həmin şəxslərin həqiqətən mənzilə ehtiyacının olması, qanunla tələb edilən şərtlərə əməl edilməsi araşdırılmalıdır. Növbə təşkil edilməli, mənzillər növbə ilə təhvil verilməlidir. Elektron satış tərəfsizliyi təmin etsə də, yan təsirləri çox olur. Yaranan bütün bu mənfi hallar yeni bazarların meydana çıxmasına səbəb olur. 

Daha geniş komissiya yaradılmalıdır. Əks halda mənzilə ehtiyacı olanlardan çox prosesdə aktiv olanlara üstünlük veriləcək. Elə qaydalar təmin olunmalıdır ki, əlavə bazara ehtiyac olmasın. Bütün hallarda uduzan vətəndaş olur. Bu cür problemlər dövlətin sağlam təşəbbüsünü və sosial siyasətini kölgə altına salır. Vətəndaşların sosial hüquqlarının təmin olunması Azərbaycan dövlətinin maraqlarını əks etdirir. Qeyd olunan nüanslar, çətinliklər, ayrı-ayrı insanların prosesdən sui-istifadə etməsinin qarşısı alınmasa, məsələnin mahiyyətinə böyük ziyan dəyəcək".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top