Etibarnamələrin verilməsində YENİLİK

SİYASƏT 24 fevral 2025, 13:54
Vətəndaşlara dövlət xidmətlərinə rahat və təhlükəsiz şəkildə çıxış imkanı yaradan “mygov” rəqəmsal hökumət platforması yenidən təkmilləşdirilərək daha geniş imkanlar təqdim edir.

Demokrat.az İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına istinadən xəbər verir ki, “mygov” vətəndaşlar üçün bir sıra rəqəmsal hökumət xidmətlərinə bir platformadan çıxış imkanı yaradır.

Bu məqsədlə artıq bir neçə növ notariat xidməti də “mygov”a inteqrasiya edilib. Bu inteqrasiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində baş tutub.

Vətəndaşlar “mygov” platforması vasitəsilə də aşağıdakı notariat xidmətlərindən yararlana bilərlər:

Nəqliyyatdan istifadə etibarnaməsi:

Nəqliyyatdan istifadə etibarnaməsi bir şəxsin digər şəxsə nəqliyyat vasitəsini idarə etmək və ümumilikdə ondan istifadə etmək hüququnu verməsini nəzərdə tutur. Vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnaməni üçüncü şəxslərə videotəsdiqləmə prosesi ilə rəqəmsal qaydada verə bilərlər. Bu xidmətin istifadəsi zamanı avtomobil məlumatlarının daxil edilməsi, hər iki tərəfin əlaqə məlumatlarının təqdim edilməsi, video vasitəsilə təsdiqlənmə və ödənişin edilməsi tələb olunur.

Nəqliyyata sərəncam etibarnaməsi:

Bu etibarnamə, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (satma, bağışlama, ipoteka və s.) kimi səlahiyyətləri digər şəxsə ötürməyə imkan verir. İstifadəçilər “Nəqliyyata sərəncam etibarnaməsi” xidməti vasitəsilə nəqliyyat vasitələrinə aid xüsusi səlahiyyətlər təyin edərək etibarnamə verə bilərlər. Proses avtomobil məlumatlarının daxil edilməsini, xüsusi səlahiyyətlərin seçilməsi, videotəsdiqlənmə və ödənişin edilməsini əhatə edir.

Qurumlarda təmsilçilik etibarnaməsi:

Bu xidmət istifadəçilərə müxtəlif qurumlarda özlərini təmsil etmək üçün başqalarına etibarnamə verməyə imkan verir. Prosesdə təmsilçinin məlumatlarının təqdim edilməsi, təmsil olunacaq qurumların seçilməsi, video vasitəsilə təsdiqlənmə və ödəniş mərhələləri mövcuddur. Bu, vətəndaşların müxtəlif qurumlar qarşısında nümayəndəlik hüquqlarını təhlükəsiz şəkildə başqasına həvalə etməsini təmin edir.

Etibarnamələrə xitam:

“mygov” platforması üzərindən istifadəçilər əvvəlki etibarnamələrini rəqəmsal qaydada ləğv edə bilərlər. Bu xidmət xüsusi etibarnamənin seçilməsi, hüquqi izahatlarla tanışlıq, videotəsdiqlənmə və ödəniş edilməsini əhatə edir. Bu, istifadəçilərə əvvəlki etibarnamələrinin statusuna tam nəzarət imkanı yaradır.

Bu yeniliklər sayəsində vətəndaşlar təhlükəsiz formada və vaxt itirmədən notariat xidmətlərindən artıq “mygov” platformasından istifadə edərək də yararlana bilərlər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top