Politoloq: "Bakı-Dəməşq əlaqələri yeni keyfiyyət qazanacaq"

GÜNDƏM 20 fevral 2025, 14:10
Azərbaycanın Suriyadakı Səfirliyi 13 ildən sonra fəaliyyətini bərpa edib, müvəqqəti işlər vəkili Dəməşqə ezam olunub.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Zaur İbrahimli bildirib ki, Suriyada Baas iqtidarın devrilməsi və Bəşər Əsədin qaçmasından sonra Suriyanın müasir tarixində yeni bir mərhələ başlayıb:

“Hazırda Suriya keçid dövründədir. Suriya yeni mərhələdə həm dövlətçilik əsaslarının möhkəmləndirilməsi, həm dünyəvi prinsiplərə əsaslanan idarəetmə modelinin tətbiqində Türkiyə həlledici rola malikdir. O cümlədən, Suriya hakimiyyəti də bütün məsələlərdə Türkiyənin köməyini və Türkiyənin dəstəyini vurğulayır. Azərbaycan və Türkiyə müttəfiqliyindən irəli gələrək Azərbaycan da Suriyada bu keçid proseslərinin uğurla tamamlanmasına diplomatik dəstək verir. Azərbaycan ilk ölkələrdən olub ki, Suriyanın yeni hakimiyyətini dəstəklədiyini bəyan etdi və ilk humanitar yardım göstərən ölkələrdən oldu. Azərbaycan bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq edir”. 

Politoloq deyib ki, Suriyadaki proseslərdəki münasibətdə Azərbaycanda Türkiyənin xarici siyasəti eyni mövqeyi ifadə edir:

“Azərbaycan uzun müddət separatçılıq və terrordan əziyyət çəkən ölkə olub. Ona görə də Suriyada da terrorçu qruplardan təmizlənməsində bütün separatçı hərəkətlərə və zəminlərə son qoyulmasının tərəfdarı kimi çıxış edir. Bir sözlə, Bakı-Dəməşq əlaqələri yeni keyfiyyət qazanacaq. Bundan əvvəl ki, Bəşər Əsəd iqtidarı məhz Ermənistanı dəstəkləyirdi. Ermənistanla Bass iqtidarları arasında möhkəm əlaqələr yaranmışdı. Hətta Azərbaycanın Qarabağ bölgəsində Suriyadan qeyri-qanuni məskunlaşma da həyata keçirilirdi.  Suriyadakı keçid prosesləri tamamlanandan sonra Azərbaycan-Suriya əlaqələri daha da möhkəmlənəcək və diplomatik əlaqələrin bərpası artıq bunun ilk əhəmiyyətli addımı kimi qiymətləndirilə bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top