“Nisyə dəftəri” üstündə dava: Mağaza sahibi müştəriyə xəsarət yetirdi, həbs edildi

HADİSƏ 19 fevral 2025, 12:25
Gəncə şəhərində 1989-cu il təvəllüdlü Telman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Zamiqə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 29 avqust 2023-cü ildə Gəncə şəhəri, Şəhidlərin binası adlanan binanın qarşısında baş verib. 

Telman orada Zamiqin onun işlədiyi mağazaya guya pul borcu olmasını bildirib və ona qarşı kobud hərəkətlər edib. 

Telman Zaqmiqin onunla əl-qol hərəkətləri ilə və əsəbi formada danışmasını cüzi səbəb kimi gətirib. 

O, yumruq zərbələri ilə üz nahiyyəsindən vuraraq onu yerə yıxıb, yerdə uzanmış vəziyyətdə yenə onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub. 

Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma),  127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, hadisə zamanı əsəbi olub: 

“Adı mənə sonradan məlum olan Zamiq bizə məxsus mağazada əvvəllər səs-küy saldığına görə ona yaxınlaşdım və mağazaya borcu olduğunu bildirdim. 

O, isə “mənim sizin mağazaya borcum yoxdur” dedi. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı Zamiq mənimlə əl-qol hərəkətləri ilə kobud formada danışdığı üçün onun üz nahiyəsindən 2 dəfə yumruq zərbəsi vurdum. Hadisə zamanı özümdə olmamışam, ətrafda digər şəxslərin olub-olmamasını xatırlamamışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zamiq bildirib ki, hadisə baş verən günü, saat 18 radələrində dərman almaq üçün yaşadığı evdən çıxıb və aptekə gedərkən binanın önündən bir qədər kənarda yerləşən zibil qutusuna zibili töküb qayıdarkən yaşadığı binanın önünə çatmağına biraz qalmış bir nəfər tanımadığı şəxsin ona səsləndiyini eşidib: 

“Həmin şəxs mənə yaxınlaşaraq mağazaya nə qədər borcum olduğunu soruşdu. Mən isə cavabımda nisyə mal yemədiyimi dedim və yoluma davam etdim. Həmin şəxs yenə mənə уaxınlaşaraq nə qədər borcun var deyə soruşdu. Mən isə “heç bir borcum yoxdur başa düşmürsənmi” dedim, yoluma davam etdim. 

Növbəti dəfə arxadan yaxınlaşaraq qolumdan geriyə doğru çəkdi və gedək mağazaya nə qədər nisyən var dedi. Mən geriyə çevrilərək hirsli halda “adım Zamiqdir, get yoxla, əgər nisyəm varsa, gəl 2 qatını ödəyəcəm” dedim. Sonra yoluma davam etdim. Təxminən 3-4 addım atdıqdan sonra arxadan baş nahiyəmə zərbə dəydi. 

Daha sonra isə aldığım xəsarətlərdən heç nəyi xatırlamadım. Gözümü açdıqda sağ qoluma yoldaşımın, sol qoluma isə oğlumun girdiyini gördüm. Oğlum və arvadım məni yerdən qaldırdı. Mən hərəkət etmək istəyərkən sağ ayağımı hiss etmədim. Buna görə arvadım oğlum ilə birlikdə məni dərhal Gəncə şəhər Mərkəzi klinikasına apardılar”. 

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Telman 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top