"Su işi alınmadı, sonra yoldaşım gəlinlik salonu açdı" — Nemət Pənahlı borcundan danışdı

GÜNDƏM 17 fevral 2025, 19:29
"Su satışı ilə məşğul olmaq üçün VÖEN açdırmışdım. O iş alınmadı deyə bağlatdım. Daha sonra yeni sahibkarlıqla bağlı mənim adıma VÖEN açdırdıq".

Bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yaranmış vergi borcuna münasibət bildirərkən deyib.

Sabiq partiya sədri bildirib ki, həyat yoldaşı həmin VÖEN-lə gəlinlik salonu işlədib: “Borc oradan yaranıb. Gəlinlik salonunun gəliri nədir ki, ona görə bizə 15 min manat borc yazılıb. Oradan nə qazanılıb? Ailənin gündəlik çörək pulu ancaq çıxırdı”.

Nemət Pənahlı yaranmış borca görə Ali Məhkəməyə kasassiya şikayəti verdiklərini bildirib.

Qeyd edək ki, fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Pənahlı Nemət Əhəd oğluna məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Land-Cruiser” avtomobil vergi borcuna görə hərracda satılacaq.

Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.

Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.

Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. Onun sədrlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top