Perinatal Mərkəzdəki yanğında direktor bu şəxsi ittiham etdi

SOSİAL 10 fevral 2025, 17:54
Bakı Ağır Cinayətlər Məhkəməsində "Respublika Perinatal Mərkəzi" PHŞ-də 7 körpənin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə müttəhimlər kürsüsünə "Respublika Perinatal Mərkəzi"in direktoru Mehriban Abasquliyeva, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar.

Prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, ifadəsində göstərib ki, yanğın hadisəsinin baş verməsindən xəbəri olmayıb.

Mehriban Abasquliyevanın sözlərinə görə, müəssisədə tibb bacıları iki heyətdən ibarətdir. O, ifadəsində mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı görülən işlərdən, yeni doğulan körpələrə nəzarət qaydalarından və digər məsələlərdən danışıb. Deyib ki, Azərbaycanda 7 perinatal mərkəz fəaliyyət göstərir. O bildirib ki, həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərən mərkəzlərdə xəstələr üçün nəzərdə tutulmuş çarpayılar azlıq təşkil edir, xəstə sayı isə çoxdur:

"Mənə ittiham verilib ki, xəstə sayı çoxmuş. Halbuki bütün bölgələrdə vəziyyət belə olub. Xəstə sayı çox, çarpayı isə azdır".

Müttəhim baş verənlərə görə ondan əvvəl 11 ay direktor vəzifəsini icra etmiş Məryəm Rzayevanı ittiham edib. Deyib ki, yanğın təhlükəsizliyi ilə bağlı Məryəm Rzayeva heç bir tədbir görməyib.

Hakim bildirib ki, növbəti iclasda Mehriban Abasquliyevanın ibtidai istintaq zamanı verdiyi digər ifadələri elan olunacaq.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Növbəti proses martın 3-də davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top