Bakıda yaşlı kişi qonşu qadına xəsarət yetirdi, 5 il isə... — TƏFƏRRÜAT

KRİMİNAL 10 fevral 2025, 17:09
Bakının Pirallahı rayonunda 1964-cü il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Telmana (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Faiq yaşadığı evin qarşısında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qonşuluğunda yaşayan Telmanın sifət nahiyəsinə əli ilə qəsdən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Telman onun yaşadığı evin qonşuluğunda yaşayır: “Telmanla qohumluq münasibətim olmasa da, onunla aramızda ədavət və düşmənçiliyimiz də yoxdur. Aprelin 30-da, saat 16:00-da yaşadığım evin qarşısında qardaşım oğlu Elmanla dayanıb söhbət edən zaman qonşuluqda yaşayan Telman bizə yaxınlaşdı və iradını bildirərək dedi ki, pəncərəm onun həyətinə baxır. Telmana dedim ki, evimin pəncərəsindən onun hasarı arasında 10 metr məsafə var. Həmin vaxt Telman ünvanıma xoşagəlməz sözlər deyərək üzərimə tərəf gəlməyə başladı. Bunu gördükdə əllərimlə onu özümdən kənara itələdim. Həmin vaxt əlim Telmanın burnuna dəydi. Həmin vaxt Elman Telmanı vurmadı. Əksinə bizi sakitləşdirdi”. 

Təqsirləndirilən şəxs bildirib ki, 1-ci qrup əlildir, fiziki qüsurludur, əlləri işləmir. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Telmanın sözlərinə görə, Faiq onun yaşadığı evin qonşuluğunda yaşayır: “Təxminən beş il əvvəl Faiq mənim həyat yoldaşıma xəsarət yetirdiyi üçün 102 xidmətinə məlumat vermişdik. Bundan sonra Pirallahı Rayon Polis Şöbəsində araşdırma aparıldı, lakin nəticəsi barədə bizə məlumat verilmədi. 2023-cü ilin aprel ayında Faiq özünə məxsus evdə tikinti işləri aparırdı. Faiqin yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsi mənim yaşadığım evin həyətinə açılır”. 

Telman qeyd edib ki, aprelin 30-da Faiqin evinin pəncərəsinin onun həyətinə açılması barədə ona iradını bildirib: “Bu zaman Faiq mənə kobud ifadələrlə cavab verdi. Bundan sonra isə evində işləyən Elman adlı qohumu ilə birlikdə yaşadığım evin qarşısına gəldilər. Həmin vaxt Faiqlə aramızda sözlə mübahisə baş verdi. Faiq əli ilə göz nahiyəmə yumruqla vurdu. Nəticədə sağ gözümdən xəsarət aldım və həmin gözüm zəif görür”. 

Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Faiq 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin yaşadığı evi axşam saat 22:00-dan saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top