Uşaqların repetitor sevdası: Günah kimdədir?

GÜNDƏM 10 fevral 2025, 11:46
Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib ki, Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repetitorudursa bu peşə etikasından uzaqdır. Hazırda repetitorların sayı kəskin artıb. Demək olar ki, 10 uşaqdan 9-u repetitor yanına gedir. Artıq balaca uşaqlarda belə “məşğələdə öyrənərəm” yanaşması var.

Təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında deyib ki, repititorluğun yayılmasında ən əsas səbəblərdən biri Elm və Təhsil Nazirliyinin düzgün qurulmayan təhsil siyasətindən irəli gəlir:

“Qəbul edək ki, bunun səbəblərindən biri müəllim etikasının olmamasıdır, digər səbəblərindən biri valideyinlərin "dəbə" uyğunlaşmasıdır.  Amma bu səbəblərə bir sinifdə 30-40 şagirdin olmasını, indiyə qədər şagird davranış qaydalarının olmamasını, məktəbdə mövcud olan bürokratik idarəetməni də əlavə edək, məktəb bazasının zəif olmasını və daha nələrisə aid edək. Məhz bu zaman, məsələyə kompleks yanaşma zamanı əslində repititorluğun nə üçün mövcud olduğu aydınlaşır. Hazırda Elm və Təhsil Nazirliyi repititorluğu ləğv etmək istəyirsə bunlara diqqət etməlidir.  Digər bir tərəfdən məktəb müəllimi dərs dediyi il üçün məsuliyyət daşıyır, yəni dərs ili ərzində şagirdlərə tədris proqramını mənimsədir. Yuxarı sinif şagirdləri isə ali məktəbə hazırlaşmaq üçün 5-ci sinifdən  11-ci sinif daxil olmaqla yəni 6-7 ilin tədris proqramını təkrar öyrənməlidirlər. Müəllimlərinsə belə bir öhdəliyi yoxdur, onlar şagirdləri orta məktəb səviyyəsinə uyğun hazırlaşdıra bilirlər, çünkü dərs saatlarının miqdarı da buna imkan vermir”.  
Ekspert əlavə edib ki, məhz belə olanda şagirdlər əlavə hazırlığa ehtiyac duyur:

“Buna həm də dərsliklərin bərbad vəziyyəti və yuxarı sinif proqramlarının şagird maraqlarına cavab verməməsidir. Belə ki, ali məktəbə hazırlaşan əksər şagirdlər bütün fənlərdən əlavə hazırlıq vəsaiti və testlərdən istifadə edir, hansı ki, məktəb müəlliminin buna icazəsi yoxdur. Digər qeyd etdiyim məsələnin mahiyyəti ondan ibarətdir ki, tutaq ki, məktəbdə ali məktəbin 1-ci qrupuna hazırlaşan şagirdə 10-11- ci siniflərdə tarix, ədəbiyyat, coğrafiya oxumaq lazım gəlmir, bu onlar üçün lazımsız fənlərə çevrilir, şagirdlər əsas fənlərinə lazımı vaxt ayıra bilmirlər, buna görə də əlavə məşğələyə ehtiyac yaranır. Bir sözlə müəllimin dərsdə şagirdləri ali məktəbə hazırlaşdırmaq kimi vəzifəsi yoxdur, o repititor kimi şagirdləri məhz ali məktəbə hazırlaşdırır. Qeyd edim ki, hazırda bu ildən başlayaraq Elm və Təhsil Nazirliyi  pilot layihə kimi məhz bu sistemi tətbiq etməyə başlayıb. Layihəyə görə, yaradılan 5 məktəbdə şagirdlər yalnız hazırlaşdırdığı qrup üzrə dərslər keçirlər. Şübhəsiz ki belə olanda nəticələr də yaxşı olacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top