![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/11/1/1/ac2aed53-8bb7-4acb-9a0f-565eda9614af/turist_3.jpg)
Pandemiyanın ən çox ziyan vurduğu sahələrdən biri də turizm sektorudur. Bu dövrdə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlamışdı. Hələ quru sərhədlər açılmasa da, ölkəmizə turist axını yenidən bərpa olunur. 2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük veriblər.
Bu o deməkdir ki, ölkəyə gələn hər 10 tursitdən heç 2-si də Bakıdan kənara, rayonlara getmir. Belə ki, ötən il əcnəbilərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakının payına düşüb. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 4,6 faizi sözügedən rayonda qalıblar. Xaricilərin 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.
Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır.
Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, turizm qeyri-neft sektoru sahələri sırasında ən çox gəlir gətirən sahələrdəndir:
“Ölkəmizdə turizm 5 il öncəyə kimi çox sürətlə inkişaf edirdi. Bunu həmin illərdə ölkəyə turist axınına dair rəqəmlər də göstərirdi. Lakin pandemiya hər yerdə olduğu kimi bizdə də ən böyük zərbəni məhz turizm sektoruna vurdu. 2022-2023-cü illərdən başlayaraq bu sahədə hər şey yenə öz əvvəlki vəziyyətinə qayıtmağa başlayıb. Xüsusən də keçən il ölkəyə kənar turistlərin axını əhəmiyyətli dərəcədə genişləndi. Və bu tendensiyanın getdikcə inkişaf edəcəyi gözlənilir. Ancaq bir məsələ var ki, biz sözügedən sahədə bütün mövcud potensialımızı ortaya qoya bilmirik - ölkəyə daha çox xarici turist cəlb edə bildiyimiz halda buna nail ola bilmirik”.
İqtisadçı deyib ki, qiymət və keyfiyyət məsələlərində düzgün siyasət yürüdə bilmirik:
“Bölgələrimizdə xarici turistlərə xidmət üçün hər cür imkanlarımız olduğu halda bahalı və nizamsız tariflər tədbiqi yolu ilə gələnləri də özümüzdən qaçırdırıq. Gəlmələr Bakıya ona görə üstünlük verirlər ki, paytaxtda xidmət nizamlı xarakter daşıyır, rəqabət mövcuddur bu sahədə və ən əsası da keyfiyyət üstündür. Xarici turistlərin rayon yerlərimizdə hələ müxtəlif cür aldadılması hallarını demirəm. Bölgələrimizdəki turizm obyektlərində çalışanların əcnəbi dil bacarıqlarının da zəif olması faktı mənfi rol oynamaqdadır. Belə vəziyyətlə bölgələrimizdə turizm sektorunu inkişaf etdirə bilmərik. Adi bir şahidi olduğum faktı qeyd edim. Ötən yay rayonlarımızın birində ailəvi istirahət mərkəzində farel balıq sifariş verərkən məndən yerli, yoxsa əcnəbi vətəndaş olduğum soruşuldu. Səbəbini öyrəndikdə bildirildi ki, adi farel balığın kilosu əcnəbilər üçün 10 azn artıq təklif olunur”.
Millət vəkili Vüqar İskəndərovun sözlərinə görə, ölkəmizdə neft-qaz sektorundan sonra ən çox prioritet sayılan sahələr aqrar və turizmdir:
“Turizm çox gəlirli sahədir. Dünyada elə ölkələr var ki, hətta büdcəsinin böyük əksəriyyəti turizm sektoru ilə bağlıdır. Bu mənada Azərbaycanda, əsasən də ölkə başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamlarında bu sahəyə xüsusi diqqət ayrılır, önəm verilir. Sahə üzrə həm də potensialımız da böyükdür. Yəni, yerləşdiyimiz coğrafi ərazi, təbiət, resurslar ölkəmizdə turizm üçün cəlb edici bir şərait yaradır. Son illərdə tək Bakıda yox, regionlarda da turizm infrastrukturlarının inkişafı sürətlə artır. Bir neçə illər öncəyə baxsaq indi görərik ki, kifayət qədər ciddi işlər görülüb. Hələ də davam etməkdədir. Lakin statistikaya görə, ölkəyə gələn turistlərin çoxu Bakı şəhərinə üstünlük verirlər. Bu bir çox ölkələr üçün də xarakterikdir. Daha çox turistlər paytaxt şəhərlərə, bu sahədə infrastrukturun zəngin olduğu şəhərlərə daha çox üz tuturlar”.
Deputat əlavə edib ki, Azərbaycanda Bakı ilə yanaşı rayonlarımızda da turizm üçün şəraitimiz var:
“Burada əsas məsələ iki tərəflə ölçülür. Birinci məsələ turistlər üçün infrastrukturun rahat və cəlbedici olmasıdır. İkinci isə gözəl təbiətin olmasıdır. Bunların hər biri turistlərin axınına öz təsirini göstərir. Statistikaya nəzər salsaq Bakıdan sonra ən çox maraq Qusaradır. Ona görə ki, Qusar daha çox cəlbedicidir. Yol olaraq da yaxındır, çox uzaq deyil. Bundan sonra isə Qəbələ, Şəkini qeyd etmək olar. Oradakı otellərin yerləşdiyi ərazilər çox gözəldir. Həmçinin, bu rayonlarda səviyyəli otellər var. Şəki tarixi abidələrlə zəngindir. Digər turistik şəhər kimi Naftalanı götürmək olar. Bura insanlar daha çox sağlamlıq üçün gəlirlər. MDB ölklərindən Naftalana gələn turistlərin sayı kifayət çoxdur. Turisləri bölgələrə əsas cəlb etmək üçün təbii ki, infrastruktur vacibdir. Bu istiqamətdə də son illərdə ölkəmizdə işlər görülür. Hətta ölkə başçısı mütamadi olaraq təkcə rayonların yox, kəndlər arası yolların inkişafına da diqqət yetirir. İndi də şimal-qərb bölgəsi yolunda çox böyük, gözəl bir infrastruktur qurulur, körpülər, tunellər, yollar tikilir. Düşünürük ki, bu işlər şimal-qərb bölgəsində turizmin inkişafına çox böyük təkan verəcək. Bundan spnra əsas məsələ qalır qiymət. Qiymət məsələsində də tənzimlənmələr getməlidir”.
V.İskəndərov diqqətə çatdırıb ki, bir çox bölgələrdə olan otellərdə süni qiymət artımları mövcuddur:
“Həmin infrastrukturla həmin qiymətlər uyğun deyil. Qiymət baha, keyfiyyət ucuz. Bu həm yerli turistlərin həmin bölgə və otellərə axınına, həm də xarici turistlərin ora gəlişinə mane olur. Ona görə də qiymətlərdə əsasən turizm obyektlərinin sahibləri çox diqqətli olmalıdırlar. Qiymət siyasətində hər kəs nəzərə alınmalıdırlar. Qiymətə görə təklif edilən xidmətlər də uyğunluq təşkil etməlidir. Ümumi olaraq düşünürük ki, turizm də ölkəmizdə inkişaf edən sahələrdən biridir. Bu sahədə əsas ölkə başçısının siyasəti var. Ölkə başçısı da ölkəmizdə turizmin inkişafı üçün vacib addımlar atır. Özəl sektor da bu sahəni inkişaf etdirməlidir. Öz cəlbediciliyini artırıb, vacib infrastrukturlar qurub və qiymətləri tənzimləməlidir.Bunlardan sonra zaman keçdikcə ölkəmizdə gələn turistlərin sayı artacaq. Həmçinin turistlər Bakı ilə yanaşı rayonlar üçün də ölkəyə səfər edəcəklər. Sadəcə bu sahədə gərgin işləmək lazımdır. Bunun üçün də artıq proses gedir, sadəcə sürətlənməsinə ehtiyac var”.
Turizm eksperti Cabir Dövlətzadə bildirib ki, bu çox aktual mövzudur:
“Bakı şəhərində turistlərin çox hissəsinin burada gecələməsi normal haldır. Çünki mərkəzi yer olaraq buranı seçir, daha sonra regionlara səfər edirlər. Azərbaycanda Qusar zonasına daha çox Bakıdan sonra getməsinin səbəbi də odur ki, orada qış turizmi var. Müştərilər, xüsusən də ərəb və hindistanlı müştərilər daha çox Şahdağa gedirlər. Bu sahəni inkişaf etdirmək olar. Belə fikirləşirəm ki, bunun üçün Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təbliğat işləri aparılmalıdır. İnsanların çox olduğu yerlərdə, böyük löhvələrdə video şəklində rayonlarımızın maraqları, gəzməli guşələrinə aid videoçarxlar nümayiş olunmalıdır. Həm yerli turistlər, həm də xarici turistlər bu məsələyə rəğbət etməlidirlər”.
Ekspert nəzərə çatdırıb ki, bunun üçün yerli turizm şirkətləri də maraqlı olmalıdırlar:
“Onlar da rəqabətli qiymətlər qoymalıdırlar. Bakıya gələn əcnəbi turistlər mütləq şəhər xaricinə ən az bir neçə günlük də olsa çıxırlar. Ya turizm şirkətləri, ya da icarəyə götürdükləri maşınlar vasitəsilə. Onlar bu səfərləri gerçəkləşdirirlər. Bu səfərləri gerçəkləşdirərkəndə onlar Azərbaycanı kəşf etməyə çalışırlar. Bu kəşfi onlar üçün daha əlçatan etmək lazımdır. Çünki bu gün gələn turist sabah yenə gələr bilər. Gələn turisləri də əldə saxlamaq vacibdir. Bu ölkə turizmi üçün çox vacibdir. Amma bunun üçün yenə də Dövlət Turizm Agentliyinin müəyyən yerlərdə təbliğat aparması olduqca vacibdir. Qiymət uyğunluğuna diqqət etmək lazımdır. Bir sözlə, bəzi addımlar atılarsa, turislərin bölgələrə olan axınını gücləndirmək mümkündür”.
Qeyd edək ki, bütövlükdə, əcnəbilərin keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 26,0 faiz artaraq 2 milyon 348 min olub. Bu da ümumi gecələmələrin 54,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,6 faizi Hindistan, 13,1 faizi Rusiya, 7,8 faizi Səudiyyə Ərəbistanı, 7,3 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,8 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,6 faizi Pakistan, 2,4 faizi Böyük Britaniya, 2,4 faizi İsrail, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,4 faizi Almaniya, 1,0 faizi İtaliya,1,0 faizi Gürcüstan, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.
Leyla Turan
Demokrat.az