Son dövrlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dünyanın müxtəlif ölkələrində fəaliyyəti ilə bağlı xoşagəlməz, bəzən təəccüb, bəzən də heyrət və qəzəb doğuran xəbərlər gəlir. Kifayət qədər nüfuzlu, bəzən Amerikanı təmsil edəcək dərəcədə səlahiyyətlərə malik olan bu nəhəng qurum tərəfindən müxtəlif ölkələrdə regional və dövlətdaxili münaqişələri, iğtişaşları qızışdırmaqda, iğtişaşlar planlaşdıran, zorakılıq törədən qrupları hazırlamaqda ittihamedici xəbərlər, bəyanatlar səslənməkdədir. Əlbəttə nəzərə alsaq ki, USAID Azərbaycanda da uzun illərdi fəaliyyət göstərir, bu cür xəbərlərə biganə qalmağımız ən azı yanlış olardı. Axı 1961-ci ildən fəaliyyətə başlayan, qeyd etdiyim kimi, dünyanın ən nəhəng, ən nüfuzlu, geniş təsir və maliyyə imkanlarına malik olan, 5 regional büro vasitəsilə dünyanın 110-a yaxın ölkəsində fəaliyyət göstərən, əsas missiyası yoxsulluğun, xəstəliklərin azaldılması, sosial-iqtisadi inkişaf, ətraf mühit, qlobal məsələlər, demokratiyanın, şəffaflığın bərqərar edilməsi, insan hüquq və azadlıqlarının qorunması olan bu təşkilatın imicinə, nüfuzuna xələl gətirə biləcək bu cür məlumatların yayılmasının səbəbləri nədir? Uzun illər dünya üzrə kifayət qədər faydalı işlər görürmüş, bir çox sahələrdə müsbət dəyişiklərin yaranmasına səbəb olmuş bir təşkilat niyə Amerika xalqının pullarını qaranlıq, kifayət qədər ziddiyyətli məqsədlərə sərf edir? Uzun illər obyektiv, humanist mövqe sərgiləməyə çalışan, bir çox hallarda buna nail ola bilən bir təşkilat son illər qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe sərgilədiyinə görə qınanılır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.
USAID-in Azərbaycanda 1992-ci ildən fəaliyyətə başladığını xatırladan siyasi şərhçi əlavə edib: “USAID-in Azərbaycandakı missiyası Azərbaycanla davamlı dostluq münasibətlərini, habelə ölkədə demokratiya, vətəndaş cəmiyyətinin qurulması prosesində, insan haqlarının qorunması işində fəal iştirak etmək, sahibkarlığın inkişafı üçün şəffaf və açıq mühiti yaratmaq və Azərbaycan xalqının rifahını yüksəltmək səylərini dəstəkləmək, möhkəm biznes, sərmayə və ticarət tərəfdaşlığını qurmaq olub. Təəssüf ki, son illər UASID-in fəaliyyəti ilə bağlı Azərbaycan cəmiyyətində də təzadlı, bəzən də irad dolu fikirlər səsləndirilir. Belə ki, qurumun fəaliyyəti, əməkdaşlıq etdikləri təşkilatlar, ayrılmış maliyyə yardımlarının xərclənməsi, həyata keçirilən layihələr, tədbirlər və sairləri ilə bağlı məsələlərdə müəmmalı, demək olar ki, qeyri-şəffaf mühit hökm sürür. Məlumdur ki, USAID 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti”nin yaradılması adı altında milyardlarla vəsait ayırıb.
Bəzi ölkələrdə bu kimi qurumların siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün şəbəkə formalaşdırdığını diqqətə çatdıran Əhməd Abbasbəyli deyib: “Düzdür, Azərbaycanda qanunvericilik yerli təşkilatların xarici donorlara çıxış imkanlarını məhdudlaşdırsa da, bəzi müəmmalı fəaliyyətlərin qarşısı alınsa da, təəssüf ki, yenə də müxtəlif yollarla, qeyri-şəffaf formada, bəzi QHT-ləri, o cümlədən gəncləri cəlb edərək, könüllü şəbəkəsi ətrafında toplamağa, onlara maddi dəstək göstərərək təsir altına almağa çalışırlar. Təşkilatların, layihələrin seçki və qiymətləndirmə prosesləri qaranlıq olan, faydası bir yana, heç ictimaiyyətin məlumatı belə olmadan həyata keçirilən “fəaliyyət” kimə sərf edir? Necə olur həmin təşkilatlar, həmin insanlar başqa məsələləri kənar qoyaq, hər bir azərbaycanlı üçün müqəddəs olan dövlətimizin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi kimi məsələlərdə belə Azərbaycan dövlətinin düşmənlərinin yanında olurlar. Ölkəmiz üçün faydasız işlərlə məşğul olan, cəmiyyətin tanımadığı təşkilatların, insanların adını çəkib ictimailəşdirmək fikrindən uzağam, amma necə olur ki, xarici donorlar məhz belə insanlarla işləməyə üstünlük verirlər. Düzdür aralarında tək-tük maskalanmış, səhər bir mövqe, günorta isə xarici donor hesabına lanç edəndən sonra başqa mövqe sərgiləyənlər də olur. Necə olur ki, həmin təşkilatların, fərdlərin təbliğ etdiyi ideyalar, fikirlər ölkənin milli-mənəvi dəyərlərinə əks yönəlir? Necə olur ki, bu kiçik qrupun fəaliyyəti Azərbaycanda dəyərlərə, dövlətçiliyə, cəmiyyətin sütunlarına qarşı hücumlardan ibarət olur? Bu proseslərdə USAID və onun əlaltıları olan təşkilatların pulunun rolu nə qədərdir? Əcəba, ermənilərə və dünya erməniliyinə sonsuz sevgi, Azərbaycana və Türkiyəyə isə qərəz, nifrət sərgiləyən, Qərbdə açıq-aşkar türkofobiya siyasəti yürütməklə məşğul olan, bu istiqamətdə çalışan, ölkəmizə qarşı ən ağır böhtanlar səsləndirənlərdən biri, USAID-in rəhbəri xanım Samanta Pauerin bu proseslərdə əlaqəsi və ya təsiri varmı?”.