"Azərbaycanda tələbələrə edilən güzəştlər həqiqi ehtiyaclara uyğun deyil" — AÇIQLAMA

SOSİAL 22 yanvar 2025, 13:53
"Tələbələrə edilən güzəştlər və endirimlər onların həm təhsil xərclərini, həm də gündəlik həyat şərtlərini yüngülləşdirmək məqsədi daşıyır. Bir çox ölkədə bu güzəştlər qanunvericiliklə təsbit olunmuş və geniş yayılmış təcrübədir. Azərbaycanda da bu məsələnin daha sistemli və effektli formada tənzimlənməsi tələbələrin sosial rifahına böyük töhfə verə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. 


O bildirib ki, dünya təcrübəsində tələbələr üçün güzəştlər əsasən təhsil resurslarına, nəqliyyata, qida və yaşayışa yönəlmişdir:

"Məsələn, Almaniyada tələbə bileti ilə ictimai nəqliyyatın böyük bir hissəsindən pulsuz istifadə etmək mümkündür. Bu, tələbələrə həm maddi, həm də sosial baxımdan rahatlıq yaradır. Bununla yanaşı, universitet yeməkxanalarında tələbələr üçün ucuz qiymətə keyfiyyətli yeməklər təqdim olunur. Fransada tələbələr üçün dövlət dəstəkli restoranlarda yemək qiymətləri 3-5 avro arasında dəyişir. Tələbələrin ən çox çətinlik çəkdiyi sahələrdən biri olan yaşayış üçün isə, Norveç və İsveç kimi ölkələrdə xüsusi tələbə yataqxanaları mövcuddur ki, bu da onların yüksək kirayə qiymətlərindən xilas olmasını təmin edir".

Onun sözlərinə görə, Azərbaycanda isə tələbələrə müəyyən güzəştlər təqdim edilsə də, bu güzəştlərin çoxu onların həqiqi ehtiyaclarına uyğun deyil:

"Məsələn, bir müddət əvvəl tələbə kartları ilə lüks məhsullar, məsələn, "Swarovski" və ya mebel mağazalarında endirimlər təqdim edilirdi. Lakin bu, tələbələrin real problemlərinə cavab vermirdi. Tələbələrin əsas ehtiyacı olan nəqliyyat, qida, təhsil materialları və texnologiya sahələrində ciddi dəstək hələ də çatışmır. Qanunvericilik baxımından, Azərbaycanda “Təhsil Haqqında” qanunda tələbələrin sosial müdafiəsi ilə bağlı müddəalar olsa da, bu müdafiənin tətbiqi və effektivliyi sual altındadır.

Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaşın təhsil almaq hüququ var. Eyni zamanda, “Təhsil Haqqında” qanunun 4-cü maddəsinə əsasən, dövlət tələbələrin təhsil alması üçün əlverişli şərait yaratmalıdır. Lakin tələbələrin gündəlik həyatda rastlaşdığı maddi çətinliklər göstərir ki, bu qanunların tətbiqi mexanizmi zəif işləyir. Belə ki, tələbələrə nəqliyyat, yaşayış, qida və təhsil resurslarında real güzəştlərin tətbiqi onların sosial-iqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırardı".

Ekspertin sözlərinə görə, statistika göstərir ki, Azərbaycanda tələbələrin əksəriyyəti ailə dəstəyinə ehtiyac duyur:

"Bir çox tələbə isə işləmək məcburiyyətində qalır ki, bu da onların təhsildəki uğurlarına mənfi təsir göstərir. Beynəlxalq müqayisəyə baxsaq, məsələn, Danimarkada tələbələrə aylıq təqaüdlər verilir və onların təhsil və yaşayış xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanır. Bunun nəticəsində tələbələr təhsilə daha çox fokuslana bilirlər.

Azərbaycanda tələbələrin güzəştlərdən faydalanması üçün konkret addımlar atılmalıdır. İlk növbədə, tələbə nəqliyyat kartları ilə ictimai nəqliyyatda endirimlər tətbiq olunmalıdır. Bununla yanaşı, tələbə yataqxanalarının sayı artırılmalı və onların qiymətləri əlçatan olmalıdır. Kitab və təhsil resurslarının əldə olunmasında tələbələrə subsidiya və ya endirimlər təmin edilməlidir. Mədəniyyət və əyləncə obyektlərində, məsələn, muzeylərdə və kinoteatrlarda tələbələr üçün xüsusi tariflər tətbiq olunmalıdır.

Dünya təcrübəsindən götürülən ən yaxşı nümunələrdən biri isə, ABŞ-da tətbiq olunan tələbə güzəştləri modelidir. Orada tələbələrə texnologiya məhsulları, məsələn, noutbuklar və proqram təminatı üçün xüsusi endirimlər təqdim olunur. Apple, Microsoft kimi böyük texnologiya şirkətləri tələbələr üçün əlverişli qiymətlər təklif edir. Bu praktikanın Azərbaycanda tətbiqi tələbələrin təhsilə çıxışını artırar və onların rəqəmsal bacarıqlarını inkişaf etdirər".

Kamran Əsədov bildirib ki, tələbələr üçün edilən güzəştlər onların sosial rifahını yüksəltməklə yanaşı, ümumilikdə təhsil keyfiyyətinə də müsbət təsir göstərir:

"Azərbaycanın tələbə siyasəti daha praktiki və tələbəyönümlü istiqamətə yönəlməli, dünya təcrübəsindən ilham alaraq müasir yanaşmalar tətbiq etməlidir. Tələbələrə daha çox dəstək verilməsi onların gələcəkdə cəmiyyətə daha faydalı vətəndaşlar olmasına şərait yaradacaq"


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top