Sərxoş kürəkən qayınatasının evinə basqın etdi: “Məni yerə yıxdılar, kəndirlə...”

KRİMİNAL 21 yanvar 2025, 16:25
Gədəbəy rayonunda 1988-ci il təvəllüdlü Bəxtiyar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşının nənəsi Bahara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 3 iyun 2023-cü ildə Gədəbəy rayonunun kəndində baş verib. Bəxtiyar kənddə yerləşən qayınatası Əlinin yaşadığı evə azyaşlı uşaqları ilə görüşmək üçün gəlib. 

Bəxtiyar həmin vaxt aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı keçmiş arvadı Səlimənin nənəsi Baharı vurmaqla ona xəsarətlər yetirib. 

Bundan başqa, o, 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici, soyuq silah hesab edilən ümumi  təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edərək üzərində gəzdirib. İyunun 3-də həmin bıçağı üzərində götürərək Əliyə məxsus yaşayış evinə gedib. Həmin evdə aralarında yaranmış mübahisə və münaqişə zamanı orada əlindən düşürüb. İyunun 4-pdə Əlinin yaşadığı evə baxış keçirilən zaman həmin ov bıçağı aşkar edilib. 

Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, onun zərərçəkmiş Bahar və onun ailə üzvləri ilə narazılıqları uşaqlarına görə yaranıb: “Baharın nəvəsi Səlimə əvvəllər mənim arvadım  olub. Səlimə mənə başqasını istədiyini bildirərək özünü mənə zorla vermələrini dedi və atası evinə getdi. Səlimə uşaqlarımı da özü ilə apardı. Mən uşaqlarımı görmək istədikdə maneələr yaratdılar. Bizim narazılığımız ancaq uşaqlar ilə bağlı olub. Mən hər dəfə Səliməgilin evlərinin yanından keçdikdə uşaqları evə salaraq yanıma  buraxmayıblar. Səlimənin atası Əliyə sonuncu dəfə zəng vuraraq danışmaq istədiyimi  bildirdim. Əli məni evlərindən biabırçı vəziyyətdə yola saldığı üçün onların evinə getməməyə qərar vermişdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün onun onlara getməkdə məqsədi yalnız uşaqlar üçün mağazadan aldığı şeyləri vermək olub: “Mən Səliməyə məhkəməyə verməyi, boşanmağı, uşaqla görüşməm üçün şərait yaradılmasını bildirdim. Lakin Səlimə bununla razı olmadı. Nənəsi Bahar mənə Əlinin axşam gələcəyini, əgər uşaqları görmək istəyirəmsə, axşam tərəfi gəlməyimi bildirdi. Mən bundan sonra getdim. Axşam olduqda  dəfələrlə Əliyə zəng vurdum. Əli mənim telefonuma cavab vermədi. Mən də Əligilə getdim. Əlinin atı bağlayıb evə qalxdığını gördüm. Oğlu Vüsal mənə evə girməyimi dedi. Mən evə girdikdə hazırlıqlı vəziyyətdə onu gözləmələrini gördüm. Əli girəndə sağ tərəfdə, Vüsal isə mənimlə üzbəüz dayandı. Mən içəri girərək salam verdim. Onlar mənim salamımı almadılar. Əli məni tutaraq çəkdi. Bu zaman Vüsal məni vuraraq yıxdı. Mən yerə yıxdılar, kəndir gətirdilər. Qolumu bağlamağa imkan vermədikdə, Vüsal dişi ilə mənim barmağımı dişlədi. Məni pol ağacı ilə vurdular”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra hadisə yerinə polis əməkdaşları və qonşular gəliblər: “Vüsal məni bağlayaraq çıxmaq istədikdə Nəzrin adlı şəxs ilə toqquşdu. Bu zaman Nəzrin yerə yıxıldı. Vüsal daha sonra geri qayıdaraq telefonunu götürdü, jilet geyərək qaçaraq getdi. Mən zərərçəkmiş Baharı vurmamışam və üzərimdə bıçaq olmayıb”.
İş üzrə zərərçəkmiş Baharın sözlərinə görə, Bəxtiyar  əvvəllər kürəkənləri olub, onunla hər hansı düşmənçiliyi və ədavəti olmayıb: “Bəxtiyar evimizin qarşısından özünə məxsus maşınla bizi təhqir edərək səs-küy salıb. Bəxtiyar ikinci dəfə gələrək qapını açmaq istədi. Qapının bağlı olduğunu görərək məhkəməyə verəcəyini bildirdi və səs-küy salaraq evlərinə getdi. Bəxtiyar maşınını evində qoyaraq üçüncü dəfə yenə bizə gəldi. Mən bu barədə oğlum Əliyə zəng vuraraq məlumat verdim. Bəxtiyar üçüncü dəfə gəldikdə evin qapısının açıq olduğunu gördü və evə daxil oldu. Qızı onu gördükdə anası Səliməni vurmağından ehtiyat edərək qabağına qaçdı. Bəxtiyar qızını vuraraq yerə yıxdı. Mən  özümü Bəxtiyarın üstünə atdıqda, Bəxtiyar məni də döyərək yerə yıxdı. Bəxtiyar cibində olan bıçağı çıxardı, oğlum Əli pol ağacı ilə əlindən vuraraq bıçağı yerə saldı. Səlimə yerə düşən bıçağı götürərək qaçdı. Bu zaman Əli ilə əlbəyaxa oldular. Əli ilə birlikdə Bəxtiyarın əlini bağladıq. Nəvəm Vüsal hadisə vaxtı orada olmayıb. Bəxtiyar tərəfindən bizə qarşı bu hərəkətlər davamlı xarakter alıb. Bəxtiyar öz qızının barəsində əvvəllər nalayiq ifadələr işlədib”.

İş üzrə şahid qismində ifadə verən Səlimənin sözlərinə görə, Bəxtiyar onun əvvəllər həyat yoldaşı olub: “Mən aprel ayından Bəxtiyar ilə ayrılaraq atamın evinə gəldim. Həmin gündən etibarən Bəxtiyar davamlı olaraq evimizin yanından keçdikdə ünvanıma nalayiq ifadələr işlədib. Hadisə günü də Bəxtiyar üç dəfə evimizin yanına gələrək bizi təhqir etdi. Buna görə biz qapını bağlı saxladıq. Uşaq bayıra çıxdıqdan sonra içəri gəldikdə qapını bağlamadı. Bunu fürsət bilən Bəxtiyar evə daxil oldu. Bəxtiyar içkili vəziyyətdə evə qalxdı. Qızım Bəxtiyarın qarşısına çıxdıqda onu vuraraq yerə yıxdı. Bunu görən nənəm Bəxtiyarı sakitləşdirmək üçün getdi. O, nənəmi də vurdu və cibindən bıçaq çıxardı. Bu zaman atam Əli pol ağacı ilə Bəxtiyarın əlində vuraraq bıçağı yerə saldı, mənə bıçağı götürməyimi bildirdi. Mən bıçağı götürdüm. Bu zaman Bəxtiyarla atam əlbəyaxa oldular. Uşaqlarım səs-küydən qorxduğu üçün onları da götürərək evin zirzəmisinə düşdüm. Bir müddət sonra qonşu Musa, daha sonra da polislər gəldi. Atam ilə Bəxtiyarı şöbəyə apardılar”.
Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyar aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib. 

Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Zərərçəkmiş təqsirləndirilən şəxsin barəsində daha ağır cəza, azadlıqdan məhrum edilməsini istəyib. 

Təqsirləndirilən şəxsin vəkili də apelyasiya şikayəti verib. Onun vəkili apelyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün haqlı olmadığını nəzərə çatdırıb. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Hər iki tərəfin şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Qərara görə, həm zərərçəkmiş şəxsin, həm də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayətlər təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top