Dərdimiz var — Gülər Mübariz yazır

GÜNDƏM 19 yanvar 2025, 14:26
Nə acılar var bu həyatda, nə faciələrə şahid oluruq zaman keçdikcə; ağlagəlməyən hadisələrlə üzləşirik, sınaqların ötəsi ilə sınanırıq.

Hər gün “yox, artıq, bu qədəri də olmaz” dediyimiz nə varsa, yaşayırıq. Hər gün “təəccüblənməyə” məhkum olmuş kimi sakit keçirdiyimiz günə qəribə baxmağa başlamışıq, bu işdə bir iş var sanki.

Niyə beləyik? Zamanmı dəyişib insan düşüncəsini, yaşadıqlarımızmı bizi uçuruma sürükləyir? Adəm övladının mənəvi yanğına gözüyumulu yeriməsi, yanmaqdan qorxmaması, ya da olanı dərk etməməsi hadisələrdən daha çox yer edir qəlbimə.

Niyə beləyik? “Hər şey yaxşı olacaq” nidasına cəmi neçə gün üzüldük? Neçə günün üzüntüsünə bədəl oldu Hökumənin qanpulu? Hansı göz yaşı atanın hesabından çəkilən, Hökuməyə biçilən çarəsiz maddi təsəllidən üstün oldu? Xərclənən hər quruş kimin boğazını, kimin ocağını yandırır? Nə çox darda imişik ki, kül olan taleyin kağız təzminatını kül edə bildik? Yazıq bizlərə…

Dünyasını dəyişənin belə rəsminə salınan ehtiraslı nəzərlərin sahibləri cənazənin namusunu çək-çevir edirlər. Ya da dilin çaşdığı bir cümlənin müzakirəsi gündəmdən düşmür ki düşmür. Dərdimizi, sərimizi unudub üzüntüdən yanılan cümləni deyənə leksikadan dərs keçirik. Bilməyəni öyrədərlər,düzdür, di gəl ki, biz falaqqayla dərs keçirik mollanın tədrisxanası misalı.

Hər kəsin günahını beş barmağı kimi bilənlər bircə öz günahlarını görmürlər. “Şeytana” daş atanlar süddən çıxan ağ qaşıq olub, günahsız olub.
Ata-babadan bir misalımız vardı,ər kişilərə, mərd arvadlara aid : “Yüz acını yeyərlər bir şirinin xətrinə.” Deyən gərək, xətirə baxan kimdir, rəhmətliyin qızı, yüz şirini yeyib acıya çatmamış köhlən atı minib tərsinə çapırıq.

Dəbdən düşüb yaxşı kəlamlar, əsas odur Tiktokda “bərkgedən” statuslar var. Neynirik ey, çox da ki ərən sözüymüş. Əslində heç biz buralara aid deyilmişik, kökümüz də başqa imiş, türk oğlu türkün Avropadan inteqrasiyası baş veribmiş. Nə xoş bizə…

Varmı səhvsiz insan, varmı yaşadığı həyatı yanlış addım atmadan irəliləyən? İlk yanlışında dünyanın altını üstünə çeviririk, 50 ilin düşməninə çevrilirik bir anda ,əlimizdə balta qan örtür gözümüzü. Sərhəddin o tayındakı yalan olur, millətdən olanımızı qətliam etmiş kimi ittiham edirik. “Vallah, billah yaxşı insandır əslində, sadəcə səhv edib” deməyə qalmadan cəlladın kötüyü hazır olur, sözümüzlə baş kəsirik. Dərdimiz var, qoyun, dərdimizi çəkək…
İmişlidə ürəyimizə od qoyulub, bilmirik kimin halına yanaq.

Qaçanı qovmaq qanunda da yoxdur, başılovlu hara uçurdun ay zalımın balası? Səkidə nə işin var sənin, yolun keşiyini çəkməyəmi gəlmisən , yola əzrayıl kəsilməyəmi? Beş evin qızı, beş evin gəlininə verilən ömrə niyə qənim kəsilirsən, məktəbin qarşısında sürətin niyə kəlləçarxa qalxmışdı? Fikrin hardaydı, yoxsa səndəmi bu millətin dərdini çəkirdin?

Təhsil almağa gedən gül balarımızın cənazəsi yerdə qalıb ,“Follow atın, takip,takip..” (sosial şəbəkədə istək) bağırtıları qulaq deşir. Ata-ananın fəryadı dağlayan ürəyimiz hövl edir günahsız məmurun gözünü deşə. Qurunun oduna yaşa od vururuq. Dövlətə xidmət edən məmur bilmir ocağına qan düşənləri sakitləşdirsin, yoxsa gözünü qan bürümüş kütləni. Onsuz da yanırıq, körüksüz, filansız. Hərə əlində bir yelpizək kösövü küləkləyir, qanan da çığırır, yanan da.

Bu qədər aqressiyanın, bu qədər mənfi emosiyanın səbəbi nədir? Xalq olaraq olayın kökü qalır bir yanda hadisədən şou yaradırıq. Elə yaxşı hökm çıxarırıq ki, hakimlər mat qalır. Elə yaxşı qanundan dəm vururuq ki, qanun keşiyində duranlar baxa-baxa qalır. Kənardan bizə düşmən lazım deyil, bədbəxt hadisənin qoxusunu duyub marığa yatan canavar kimi hücuma keçirik.

Niyə beləyik? Dərdi verən Allahdır, ondan gələni niyə qoymursuz çəkək? Haqdan gələnə boynumuz sapdan incədir, “vardır bir bildiyi” deyəcəyik, ya da “yəqin hansısa günahımızın bədəlini ödəyirik” təsəllisi verəcəyik özümüzə. Ağlayan gözümüzün yaşını silməyi, qanayan yaramızı sarmağı bacarırıq, göz açandan çəkmədiyimiz çilə qalmayıb millət olaraq. Dərdimizi yaşayaq, əziz millətim, üstünə dərd qoymayın. Olay dönər, haqq gələr, hər evdə qaynaya bilər o qazandan, kimsə sığortalanmayıb heç nədən.

Ağıllı düşdüyü səhvdən geri dönən, müdrik səhvə düşməyəndir. Hanı bizim müdriklərimiz, hanı bizim sarvanlarımız? Yıxılana balta çalmayaq, qolundan tutaq ki, bir də yıxılmasın. Gömdüyümüz hər nə varsa, o bizə başucalığı ya da üstünlük verməyəcək, əksinə, qınadığımızla sınanacağıq. Heç vaxt “heç vaxt” deməyək, bu gündən sabaha ümid yoxdur, kimsə həyatından təminat almayıb, olacaqların önünə keçə bilmirik,təəssüf ki.

Yazıram,pozuram, deyim,deməyim; dilimin ucundakı göynəyən söz qəlbimi də göynədir axı. Desəm bir dərd, deməsəm bir ayrı dərd. Millət necə tarac olur, olsun nə işim var deyə bilən ürəklə yaşamaqdansa, varsınlar məni də düşmən bilsinlər.

Vətənimə də, dərdinə də canımız fəda…

HƏR ŞEY YAXŞI OLSUN, Hökumə.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top