Rusiyanın məşhur “Qara polkovnik”i öldü

DÜNYA 02 yanvar 2025, 16:54
Rusiya Dövlət Dumasının keçmiş deputatı, Sovet ordusunun polkovniki Viktor Alksnis 74 yaşında ölüb.


Demokrat.az
Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə onun qızı İrina məlumat yayıb.

Məlumata görə, 2019-cu ilin oktyabrında ona xərçəng diaqnozu qoyulub, 30 dekabr 2024-cü ildə polkovnik insult keçirib və komaya düşüb.

Viktor Alksnis 1989-1991-ci illərdə SSRİ xalq deputatı, 1990-1991-ci illərdə Latviya SSR Ali Sovetinin deputatı olub. O, həmçinin 1999-2007-ci illərdə üçüncü və dördüncü çağırış Dövlət Dumasının deputatı seçilib.

O, 1950-ci ildə Kemerovo vilayətinin Taştagöl şəhərində latış-rus ailəsində doğulub. Babası Yakov Alksnis SSRİ xalq müdafiə komissarının aviasiya üzrə müavini vəzifəsində çalışıb və Hərbi Hava Qüvvələrinə rəhbərlik edib. 1938-ci ildə güllələnib. Nənəsi "xalq düşməni"nin arvadı elan edilib, 14 ilini düşərgələrdə və həbsxanalarda keçirib.

Viktor Alksnis 1973-cü ilə qədər Riqa Ali Hərbi Aviasiya Məktəbində hərbi radioelektronika mühəndisi kimi təhsil alıb. Təhsil müəssisəsi onun babasının adını daşıyır.

Viktor Alksnis ictimaiyyət arasında "Qara polkovnik" kimi tanınıb. Bu, onun 1991-ci ildə Sovet İttifaqında Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP) tərəfdarlarını dəstəkləməsi ilə bağlıdır./axar.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top