"Ermənistanda azərbaycanlıların deportasiya olunması təsadüfi ola bilməz" — Hüquqşünas

GÜNDƏM 29 dekabr 2024, 14:40
"Ermənistandan deportasiya edilən azərbaycanlılar mövzusu problem həllini tapana qədər aktual olaraq qalacaq. Deportasiya birbaşa beynəlxalq hüquqa aid olan məsələdir. İnsanlar zorla bir yerdən başqa yerə köçürülüb. Təkcə köçürülmə deyil, qətlə yetirilmə hadisələri də var. 20-ci əsrdə azərbaycanlılar 4 mərhələli şəkildə deportasiya ediliblər.  1905, 1918-1920, 1948- 1956, 1988-ci illərdə deportasiya edilən azərbaycanlılar sonradan öz yurdlarına qayıda bilməyiblər. Bir çoxları köçürülmə zamanı həyatını itirib. Sonuncu deportasiyadan 36 il keçsə də, problem həll olunmayıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib. 

"Deportasiya birbaşa insanlığa qarşı cinayətdir. Deportasiya müharibə cinayəti və insanlıq cinayəti kimi tövsif edilir. İnsanların deportasiya zamanı öldürülməsi insanlıq cinayətidir. Həmin dövrdə orada yaşayan insanlar Ermənistan vətəndaşları hesab olunurdu. Azərbaycanlılar öz milli kimliklərinə görə bunları yaşayıb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda da göstərilir ki, bu tərkibdə olan cinayətlər insanlıq əleyhinə olan cinayətlər kimi tövsif olunmalıdır. Vətəndaş öz dövlətinin onu təqib edəcəyinə, öldürəcəyinə inanmır. Lakin öldürlür".

O bildirib ki, Ermənistanın işğal etdiyi ərazilərdən azərbaycanlıları deportasiya etməsi isə müharibə cinayəti hesab olunur:

"Ermənistan ərazisində yaşayan 1 milyon 500 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından qovulub. Azərbaycanlıların yaşadığı 940 yaşayış məntəqəsinin 698-nin  adı dəyişdirilərək erməni adı ilə əvəz olunub. Burda təsadüfdən söhbət gedə bilməz. Hər biri planlanmış şəkildə həyata keçirilib. Bəzən Amerika Hüquq Məktəbinin nümayəndələri bildirir ki, deportasiya beynəlxalq cinayət kimi tövsif edilməməlidir. Bu doğru deyil. Əhalini yurdundan qovmaq, toponimləri dəyişdirmək, işgəncələr etmək beynəlxalq cinayətdir. 172 yaşayış məntəqəsindən deportasiya edilən azərbaycanlılardan 216 nəfər qətlə yetirilib. 2 nəfərin başı kəsilib, 11 nəfər diri, 2 nəfər öldürüldükdən sonra yandırılıb. 29 nəfər avtomobil altında, 41 nəfər döyülərək öldürülüb. Ermənistanın bu əməlləri  beynəlxalq səviyyədə araşdırılmalıdır. Vaxtı ilə tirubunallat yaradılıb. Ermənistanın mühakimə olunması, Xocalıda baş verən hadisələrin araşdırılması üçün Xocalı tirubunalları yaradılmalıdır. Bu halda məsələ öz həllini tapa bilər".

Onun sözlərinə görə, tarix boyunca soyqırım və deportasiya ilə bağlı müxtəlif bəyanatlar, qərarlar verilib:

"Təəssüf ki, soydaşlarımızın başına gətirilən müsibətlər  hər hansı qətnamədə rast gəlinmir. Bu da ikili standartların olmasını göstərir. Bu gün dünya kitabxanasında axtarış aparsaq Osmanlının bir zamanlar ermənilərə soyqırım etməsi məsələsinə rast gələ bilərik. Bunda həqiqət axtaran yoxdur. Ancaq tirajlanır və elmi kitablarda bəhs edilir. İnsanlar bunları oxuyub səhv məlumatlanırlar. Ermənilərin azərbaycanlılara qarşı soyqırımını dünya dillərində çap edib, dünya ədəbiyyatına çıxarmaq lazımdır. Elə dövlətlər var ki, Ermənistanla münasibətlərin pozulmaması naminə bu kitabların yayılmasına dəstək olmayacaq. Biz bu gün bu haqda  hansısa məqaləni Avropaya göndərsək, çap olunmayacaq. 

Ermənistanda azərbaycanlıların deportasiya olunması təsadüfi ola bilməz. Bu birbaşa dövlətin siyasəti və fəaliyyəti ilə baş verib. Bu baxımdan əməli beynəlxalq cinayət kimi xarakterizə edib, cinayətkarların cəza çəkməsini tələb etməliyik".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 yanvar 2025, 09:45
01 yanvar 2025, 00:01
Top