"Alıcılar həm keyfiyyətdə, həm də qiymətdə uduzacaq" — Eyyub Hüseynov

GÜNDƏM 27 dekabr 2024, 18:31
"2009-cu ildə spirtli içkilərin istehsalı üçün verilən lisenziyalar ləğv olundu. Bundan sonra çoxlu sayda spirtli içki istehsalçıları meydana çıxdı. Çox sayda ucuz, keyfiyyətsiz spirtli içkilər bazara daxil oldu. Qanuni yolla, standartlara uyğun spirtli içki istehsal edənlər bu rəqabətdə uduzdu. Bazar həddən artıq çirkləndi".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib:

"İstehsalçılar ucuz içki almaqla qiymətdə udsalar da, keyfiyyətdə uduzdular. Qanuni spirtli içki istehsal edənləri qorumaq üçün minimum qiymət müəyyən edildi. Bundan sonra saxta, keyfiyyətsiz spirtli içki  istehsal edənlər də məhsulu yüksək qiymətə satacaq ki, qanuni istehsalçılar rəqabətdə uduzmasınlar. Bu siyasət kökündən yalnışdı".

O bildirib ki, istehlakçılar bu vaxta kimi yalnız keyfiyyətdə uduzurdusa, indi həm də qiymətdə uduzacaqlar:

"Bu qanun birmənalı şəkildə biznes qurumu müdafiə edəcək. Biz istehlakçıların maraqları güdülmədi. Bundan sonra saxta  spirtli içki istehsalına davam ediləcək. Sadəcə saxta spirtli içkilər də müəyyən edilən qiymətə satılacaq. Qanun məntiqsizlik yaradır. İstehlakçı siyasəti onsuz da yox dərəcəsindədir. Bu qanun isə ona tamamilə ziddir. Dövlət istehlakçıların qayğısına qalmalıdır. Haqsız rəqabət mühiti bu qərarla yaxşılaşmayacaq".


Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında alkoqollu içkilərin satışı üçün  minimum qiymət  müəyyən edilib. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top