"İnsan hüquqlarını bəhanəyə çevirərək ermənipərəstlik nümayiş etdirirdilər" — Rəfail Becanov

GÜNDƏM 23 dekabr 2024, 14:44
COP29 ərəfəsində dünyanın 200-ə yaxın qərəzli media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb. Bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" Xəbər Portalının rəhbəri Rəfail Becanov bildirib ki, COP29 beynəlxalq əhəmiyyətinə görə diqqət mərkəzində olan bir tədbir idi:

"Azərbaycan bu mötəbər tədbirə möhtəşəm şəkildə təşkilatçılıq və ev sahibliyi etdi. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul ediləndən ölkəmizə qarşı müxtəlif formalarda təzyiqlər müşahidə olunurdu. Tədbirin keçirilən zaman isə bu hücum və təzyiqlər daha intensiv xarakter aldı. 
Azərbaycan haqqında eyni mərkzədən idarə olunan və qərəzli formada təlimatlandırılan bir sıra insan haqları təşkilatları, bəzi media qurumları yalan və iftira dolu, birtərəfli şəkildə müxtəlif bəyanatlar səsləndirdilər, məqalələr dərc etdilər. 
Azərbaycanı petro-dövlət adlandırır və petro dövlətin iqlim dəyişikliyinə həsr edilmiş tədbirə ev sahibliyi etməsinin məntiqli olmamasını iddia edirdilər. Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev öz nitqində bütün bu çağırışlara, yalan və iftiralara çox tutarlı və əsaslandırılmış, konkret faktlara söykənən rəqəmlərlə cavab verdi".

O qeyd edib ki, xor dərnəyinin muzdluları tədbir boyunca öz yalan mexanizmlərindən imtina etməyərək, ölkəmizə qarşı hücumlarını davam etdirdilər:

"İnsan hüquqlarını bəhanəyə çevrirərək, əslində ermənipərəstlik nümayiş etdirirdilər. İnsan haqları ilə bağlı iradlar vardısa, bu qurumlar, həmin media quruluşları COP29-un Azərbaycan da keçirilməsi haqqında qərar qəbul edilməmişdən əvvəl niyə yazmırdılar, danışmırdılar? Çünki onların məqsədi insan haqları və yaxud onun qorunması, müdafiəsi deyil. Sadəcə, bu ittiham altında Azərbaycana qarşı təzyiq kampaniyası aparmaq idi. Milli Məclisinin hazırladığı hesabatda da göstərilir ki, ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb. Bu, artıq hazırlanmış, eyni mərkəzdən idarə olunanların xoru idi. 
Bütün bunlar göstərir ki, onların yanaşmaları qərəzli idi və ermənipərəsət mövqe sərgiləyirdilər. Ermənilər də COP29-dan istifadə edərək, Qarabağdakı hərbi cinayətlərə, Azərbaycanın ərazi bütövlüyünə qarşı törətdikləri əməllərə görə həbs edilən cinayətkarların azadlığına nail olmaq istəyirdi. Həmin media qurumları da onlarla eyni mövqedən çıxış edirdi. Onlar istəyirdilər ki, Azərbaycana və xalqımıza qarşı müharibə cinayətləri törətmiş bu erməni əsilli şəxslər qeyd-şərtsiz azad olunsunlar. Eyni zamanda Azərbaycanı sülh prosesindən yayınmaqda ittiham edirdilər. Bir aydan artıqdır ki, COP29 bitib. Azərbaycan bu bir ay ərzində dəfələrlə Ermənistana sülh sazişi ilə bağlı mesajlar verir. Ermənistan isə yenə də manipulyasiya etməklə sülh sazişini əngəlləyir. Bu media qurumları bu məsələyə niyə toxunmur? Çünki təlimat aldıqları mərkəz bu tapşırığı verməyib. Lakin bu mərkəzlərin bütün arzu və istəkləri fiaskoya uğradı. Azərbaycanda keçirilən COP29 istər təşkilatçılıq baxımından, istərsə də qəbul edilən qərarlara görə tarixdə ən önəmli bir tədbir oldu".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 dekabr 2024, 19:40
Top