Aydın Quliyev: "Böyük ehtimalla itkin düşmüş azərbaycanlıların hamısını ermənilər qətlə yetirib"

GÜNDƏM 20 dekabr 2024, 18:38
"İşğaldan azad olunmuş ərazilərdə tapılan azərbaycanlıların nəşlərinin əksəriyyəti toplu məzarlardan tapılıb. Bu erməni işğalçılarının 30 il ərzində bizim torpaqlarımızda törətdikləri misilsiz cinayətlərin sübutudur.Faktların dünya birliyinə çatdırılması dövlətin və cəmiyyətimizin qarşısında dayanan bir nömrəli vəzifədir. Bunlar gizli qala bilməz. Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlərin ən mühüm ifşa istiqamətlərindən biri bu faktların dünya ictimaiyyətinə və siyasi dairələrinə çatdırılmasıdır. Ən azı dünyanın erməni təcavüzkarlığının mahiyyəti barədə düzgün və mükəmməl təsəvvürdə olması üçün bu çox vacibdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

"Digər yandan Ermənistanın insanlıq əleyhinə cinayətlərinin  dünya hüquq müstəvisində qaldıracağımız iddiaların daha tutarlı qəbul olunması üçün bu faktların dünyaya çatdırılması vacibdir. Beləliklə, bu faktların dünyaya çatdırılması  maarifləndirmə səviyyəsində olmalıdır ki, dünyanın bundan xəbəri olsun. Beynəlxalq hüquq müstəvisində olmalıdır ki, Ermənistan öz cinayətlərinin layiqli cəzasına çatdırılsın. Birinci Qarabağ müharibəsində 4000-ə qədər azərbaycanlı itkin düşüb. Böyük ehtimalla bu itkin düşmüş azərbaycanlıların hamısı məhz ermənilər tərəfindən qətlə yetirilib. Onlar hardasa Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ya toplu məzarlıqlarda, ya da tək-tək məzarlıqlarda saxlanılır".


O bildirib ki,  600-ə qədər tapılmış nəşin dünya miqyasında geniş şəkildə təqdim olunması  onun sübutudur ki, Azərbaycan hər şeyi düzgün çatdırır:

"Azərbaycan hər şey haqqında düzgün məlumatlar yayır. Bunlar Ermənistan faşizminin və Ermənistan təcavüzkarlığının dünyada real mənzərəsini göstərmək baxımından əvəzsiz faktlardır. Nəzərə alaq ki, Ermənistan yeni müharibəyə hazırlaşır. O, yeni müharibəyə hazırlıq prosesini dünyanın gözündə özünə haqq qazandırmaq üçün ən müxtəlif arqumentlərə əl atır. Guya Azərbaycanın təcavüzə hazırlaşdığı ilə bağlı yanlış rəy yaradır. Amma dünya bilir və bilməlidir ki, müharibəyə hazırlaşan tərəf Ermənistandır. Ermənistanın yeni müharibə hazırlıqlarını məhv etmək üçün biz bu faktlardan istifadə etməliyik. Dünyada insanlıq əleyhinə, müharibə cinayətlərinə qarşı çox tutarlı beynəlxalq hüquq normaları var. Heç şübhəsiz ki, nə vaxtsa Ermənistan azərbaycanlılara qarşı törətdiyi bu cür cinayətlərə görə cavab verəcək.  Həmin məhkəmə prosesləri başlayanda bu gün nəşi tapılmış azərbaycanlılar haqqında məlumatlar Ermənistanın əleyhinə tutarlı ittiham faktları olacaqdır".


Əfsanə Kamal
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top