Lirənin ucuzlaşmasının Türkiyə iqtisadiyyatına hansı təsirləri var? — AÇIQLAMA

İQTİSADİYYAT 18 dekabr 2024, 14:10
“Türk lirəsi istər ABŞ dolları, istərsə də Avropa valyutası qarşısında dəyər itirməkdə ardıcıllığı qoruyub saxlamaqda davam edir. Bilavasitə ABŞ dolları qarşısında qeyd olunan ucuzlaşma ilin əvvəlindən bəri 15,7 % təşkil edib”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib. 

Onun sözlərinə görə, lirənin ucuzlaşması Türkiyə iqtisadiyyatında cərəyan edən proseslərlə əlaqədardır:

“Düzdür, bu, ixracı dəstəkləyə bilir. Odur ki, əslində, xeyri ziyanından çoxdur. Çünki ixrac üçün imkanları əlverişli xarakter daşıyan ölkədə iqtisadiyyatın genişlənməsi və artması üçün şərait yaranır. 2023-cü ildə Türkiyədə iqtisadi artım 4,5 faiz təşkil etmişdi. 

Ümumiyyətlə, qardaş ölkədə son 14 ildir ki, iqtisadi artım müşahidə edilir. Bu, çox mühüm bir tendensiyadır. Və bunun əsasında dayanan səbəblərdən biri də məhz ixracın artması, idxalın isə azalması faktorudur”. 

Bununla yanaşı, ekspert onu da qeyd edib ki, artıq başa çatmaqda olan 2024-cü il üçün iqtisadiyyatın 3,15 faiz artacağı proqnozlaşdırılsa da, üçüncü rüb ərzində nəticələr heç də ürəkaçan olmayıb: 

“2024-cü ilin üçüncü rübündə Türkiyədə illik iqtisadi artım 2,1 faiz təşkil edib ki, bu da gözlənildiyindən aşağıdır. Məsələ bundadır ki, əvvəlki rübün də nəticəsi aşağı olmuşdu. Artımın qeydə alındığı ikinci rüblə müqayisədə aşağıdır. 

Ümumiyyətlə, 2018-ci ildən bəri rüblük əsasda ardıcıl iki rüb azalma yaxşı qiymətləndirilmir. Və bu fonda lirənin növbəti dəfə dəyər itirməsi həm də Amerika valyutasının möhkəmlənməsi ilə əlaqədardır”.

Qeyd edək ki, türk lirəsi dəyər itirməkdə davam edir. Son sutka ərzində lirə dollar qarşısında bir qədər də ucuzlaşaraq 1/35 səviyyəsinə enib. Hazırda birjalarda bir dollar 35 lirədən baha ticarət olunur. 1 avro isə 37 lirə həddinə yaxınlaşmaqdadır. Türkiyə valyutası son 12 ildə dollar qarşısında 7 dəfəyə yaxın dəyər itirib.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top