"Ermənistan Qərbi Azərbaycandan olan soydaşlarımızın dədə-baba yurdlarında rahat yaşamalarını təmin etməlidir" — AÇIQLAMA

SİYASƏT 11 dekabr 2024, 17:00
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb. 

O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi son mərhələdədir: “Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var. Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir”, – deyə türkiyəli nazir qeyd edib.

Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması üçün iradə lazımdır. 

O söyləyib ki, bu iradə Ermənistan tərəfində olmalıdır, Azərbaycan tərəfində bununla bağlı heç bir problem yoxdur:

“Ermənistan birinci növbədə Cənubi Qafqazda sülhü istəməyən qüvvələri özündən uzaqlaşdırmalıdır. Fransa, Avropa İttifaqı və ABŞ-nin mövcud administrasiyası Cənubi Qafqazda sülhün olmasını istəmir və bütün mümkün vasitələrlə çalışırlar ki, prosesə mane olsunlar. Avropa Birliyinin “binokl diplomatiyası”nı həyata keçirən müşahidə missiyası var”.

Ekspertin sözlərinə görə, ikinci bir məsələ isə odur ki, Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyənin əleyhinə kifayət qədər iddialar var:

“Həmin maddələr konstitusiyadan çıxarılmalıdır. Bu, hüquqi bir prosedurdur, çünki bunun əksi gələcəkdə Ermənistandakı revanşist qüvvələrə imkan verə bilər ki, irəliyə doğru hansısa addımlar atsınlar. Azərbaycan haqlı olaraq gələcəkdə öz sərhəd təhlükəsizliyini təmin etmək üçün bu maddələrin konstitusiyadan çıxarılmasını tələb edir”.

Z.Əmrəliyev digər bir məsələnin Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qaytarılması olduğunu xatırladıb:

“Bu insanlar uzun müddətdir ki, öz torpaqlarından didərgin düşüblər. Onların yaşamaq hüququ, mənzil hüququ əllərindən alınıb. Ermənistan onların təhlükəsizliyinə cavabdeh olaraq dədə-baba yurdlarında rahat şəkildə yaşamalarını təmin etməlidir. 

Bu məsələlər həll olunduqdan sonra Azərbaycanla Ermənistan arasında sülh prosesində mühüm irəliləyişlər əldə oluna bilər. Türkiyə Azərbaycanla Ermənistan arasında gedən danışıqlar barədə məlumatlıdır. Prosesdə müsbətə doğru irəliləyiş olsa, hər birimiz bunun şahidi olacağıq”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top