"Paşinyanın indiki davranışları..." — Sülh sazişinin qarşısındakı əngəllər

GÜNDƏM 30 noyabr 2024, 16:27
“Paşinyan hakimiyyəti Azərbaycana qarşı təzyiqləri beynəlxalq müstəviyə keçirmək üçün COP29 tədbirindən istifadə etməyə çalışırdı. Tədbirin keçirilmə ərəfəsində sülh prosesi ilə bağlı siyasi manipulyasiyaları artırdı. Bununla COP29-a qədər Ermənistanın sülh bağlamağa hazır olduğunu bəyan edirdi. Ermənistanı beynəlxalq məkanda sülhpərvər göstərməyə çalışdı. Paralel olaraq beynəlxalq siyasi idarə mərkəzlərinin Azərbaycana təzyiq göstərməsi üçün əlindən gələni edirdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 
 
“Rəsmi Bakı Paşinyan hakimiyyətinin hiyləgər taktikasına imkan vermədi. Paşinyan hakimiyyətinin siyasi manipulyasiyalarını boşa çıxardıq. 
Son zamanlar Ermənistan ilin sonuna qədər sülh sazişinin imzalanacağını bəyan edir. Bu da siyasi manipulyasiyadır. Bunun da erməni oyunu olduğu şübhə doğurmur. Sazişin imzalanması üçün şərtlər hər kəsə məlumdur. Ermənistan sülh istəyirsə, sazişin şərtlərini yerinə yetirməyə çalışmalıdır. Sazişin mətnləri tam şəkildə razılaşdırılmalıdır. Rəsmi Bakı bəyan edib ki, yarımçıq razılaşdırılmış sülh sazişi imzalamayacaq”. 

O bildirib ki, saziş imzalanarsa, iki ölkənin bir-birinə qarşı ərazi iddiaları, sazişin nə zamansa pozulmasına zəmin yaradacaq faktorlar olmamalıdır:


“Bu şərt ilk növbədə Ermənistan konsititusiyasının dəyişdirilməsini tələb edir. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Ərazi iddiaları çıxarılmadığı müddətcə yekun sülh sazişinin heç bir əhəmiyyəti olmayacaq. Beləliklə, Cənubi Qafqazda sülh bərqarar olmayacaq. Ermənistan hələlik bu addımları atmaq istəmir. 

Digər yandan sülh sazişinin imzalanmasına əngəl törədən səbəblər arasında ABŞ, Avropa İttifaqı və Fransanın Cənubi Qafqaza olan marağı dayanır. Onlar yeni savaşa ehtiyac duyurlar. Xüsusilə Fransa Ermənistanın yeni savaşa hazırlanmasında əhəmiyyətli rol oynayır. Ermənistan bu ölkələrdən razılıq almadan Azərbaycanla sülh imzalanmasına cəsarət göstərməyəcək. Sazişin imzalanması qarşısında geniş miqyasda əngəllər var. Paşinyanın indiki davranışları sülhdən çox savaşı istədiyini ön plana çıxarır. Azərbaycanın adekvat davranacağı şübhə doğurmur. Ermənistan savaşa hazırlaşırsa deməli, Azərbaycan da ehtiyat tədbirləri görür. Rəsmi Bakı da bu addımları atmaqda israrlı görünür. COP29-un sülh sazişinin bağlanmasında hansısa rol oynayacağı ilə bağlı ortaya atılmış söhbətlər uydurma iddialar idi. COP29 iqlim problemlərinə həsr olunmuşdu. Sülh sazişi isə Azərbaycanla Ermənistan arasında olan məsələdir”. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top