Göyçayda 38 yaşlı kişi toydan çıxan əmisini döydü — TƏFƏRRÜAT

HADİSƏ 06 noyabr 2024, 15:02
Göyçay rayonunda 1986-cı il təvəllüdlü Ramin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı əmisi Vidadiyə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 10-da Göyçay rayonunun kəndində yerləşən şadlıq evinin qarşısında baş verib. 

Ramin toy məclisindən çıxaraq həyətdə dayanan zaman həmin məclisdən çıxan əmisi Vidadini görüb. 

Ramin əmisinin ünvanına istintaqa məlum olmayan əxlaq normalarını pozan sözlər işlədib. Onun bu hərəkətinə Vidadinin haqlı iradını bildirən zaman onun yaxasından əlləri ilə tutaraq bir qədər kənara çəkib. 

Yumruqla iki dəfə onun sifət nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Raminin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirlin bilib. 

O, ifadəsində göstərib ki, 2019-cu ildən Vidadi ilə münaqişəli münasibətləri mövcuddur: 

“Dəfələrlə Vidadi məni görərək mübahisə edib. Hazırda da məhkəmədə mənə qarşı mülkiyyətlərimizdə olan bağ sahəsinə su ötürülməməsi nəticəsində bizə dəymiş ziyanla bağlı mülki iddia irəli sürülmüşdü. Həmin iş üzrə iddiaçı olan qardaşımın nümayəndəsiyəm”. 

Təqsirləndirilən şəxs qeyd eduib ki, hadisə günü şadlıq sarayında qohumunun toy məclisində olduqları zaman saat 22 radələrində şadlıq sarayının qarşısında dayanaraq siqaret çəkən vaxt əmisi Vidadinin şadlıq evinin içərisindən ailəsi ilə çölə çıxdığını görüb: 

“Vidadi avtomobilini açan zaman mənə “çaqqal” kəlməsini deyərək təhqir etdi. Vidadinin ailəsi ilə birlikdə olduğu üçün iradımı bildirdim. Vidadi avtomobildən kənara çəkilərək yenə də mənim və orada olmayan atamın barəsində nalayiq sözlər işlətdi. Yenə də məndən böyük olduğunu, həmçinin Vidadinin ailəsinin orada olduğunu deyərək ona fikir vermədim. 

Vidadi isə sözlərimə məhəl qoymadan yenidən məni təhqir etdiyi üçün əsəbləşərək yumruqla Vidadinin üzündən vurdum. Sonra orada olan qohumum Zinhar məni ayırdı. Hadisədən sonra əlimdə ağrılar olduğu üçün müayinə olunmaq üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına getdim. Sonra isə bu barədə rayon polis şöbəsinə məlumat verdim”.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxslə aralarındakı mübahisənin şadlıq sarayından çöldə baş verib, həmin vaxtı hava qaranlıq olduğu üçün mübahisə etdikləri yerə heç kim toplaşmayıb.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vidadinin sözlərinə görə, hadisə günü saat 22 radələrində Göyçay rayonunun kəndində yerləşən şadlıq evində qaynanası Almaz, arvadı Ruhiyyə ilə birlikdə evlərinə getmək üçün şadlıq evinin qarşısına çıxaraq avtomobilinə əyləşmək istəyib: 

“Avtomobilin qapısını açan zaman Ramin mənə yaxınlaşdı. Həmin vaxt Ramin mənə qarşı nalayiq ifadə işlətdi. Bu vaxt ailəm yanımda olduğu üçün Raminə ailəmin orada olduğunu və başqa vaxt söhbət etməmələrini bildirdim. Həmin vaxtı Ramin paltarımdan tutaraq avtomobildən kənara çəkdim. Kənara çəkdikdən sonra onunla söhbət etməyə başladım. Qəfil yumruqla burun nahiyəmdən vurdu, zərbənin təsirindən yerə yıxıldım. 

Sifət nahiyəmdə bərk ağrı yarandı. Həmin vaxt qohumlarım Zinhar ora gəldi və Ramini ayırmağa çalışdım. Ramin ikinci dəfə yumruqla üzümdən vurdu. Bundan sonra isə üzüm qanın içində olduğu üçün müayinə olunmam üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına getdim. Mübahisə olan zaman Raminə “çaqqal” ifadəsini işlətməmişəm. Onun və ailəsinə qarşı nalayiq kəlmələr işlətməmişəm”. 

Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Ramin 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 

Hökmün icrası Göyçay rayon İcrа və Prоbаsiyа Şöbəsinə həvalə olunub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top