Əlicançay su anbarında tikinti işləri davam edir — FOTOLAR

İNFRASTRUKTUR 05 noyabr 2024, 11:51
Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla icra olunur və davam etdirilir. 

Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Əlicançay su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır. 

Əlicançay su anbarının ümumi tutumu 108 milyon kub, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir. Anbar tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 hektar yeni torpaq sahəsi su ilə təmin olunacaq. Ümumilikdə 33000 hektar əkin sahəsinin su ilə tam təminatı həyata keçiriləcək.

Şəki və Oğuz rayonları ərazisində yerləşən su anbarında tikinti işlərinin yerinə yetirilməsi üçün hazırlıq işləri tamamlanıb, göl ərazisinin təmizlənməsi, dib suburaxanın xəndəyinin, bənd özülünün, gil, qum-çınqıl karxanalarının üst qatının və sel sutullayıcısının qazma işləri davam edir.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top