Hərbi ekspert: "İran-Azərbaycan təlimləri 3-cü bir ölkəyə qarşı yönəlməyib"

HƏRBİ 04 noyabr 2024, 17:40
Xəbər verdiyimiz kimi, Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib. "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.

Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında deyib ki, hər iki qonşu ölkə bir çox məsələlərdə, o cümlədən, axtarış və xilasetmə proseslərində birgə iştirak edir:

“Bu təlimlər daha çox İranla Azərbaycan arasında hərbi əməkdaşlığın gücləndirilməsi, dənizdə keçirilən əməliyyat imkanlarının artırılmasına yönəlib. Təlimlər Azərbaycanın Müdafiə Nazirliyi ilə İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanan hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsaslanır. Birgə təlimlər üçüncü bir ölkəyə qarşı deyil. 

Təlimdə Azərbaycanın yüzdən çox hərbi heyəti və iki gəmisi iştirak edir. Dənizdə qəza vəziyyətində olan obyektlərə, insanlara kömək məqsədli təlimlərdir. Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılmasına yönəlik fəaliyyətlər də təlimlərin gündəliyinə daxil edilib”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top