Ət istehsalının qarşısı alına bilər? — İqlimi istiləşdirir...

GÜNDƏM 28 oktyabr 2024, 19:25
Böyük Britaniyanın İqlim nəzarəti üzrə Hökumət Komitəsi bildirib ki, sakinlər ekologiya naminə ət və süd istehlakını 50 % azaltmalıdırlar.

Demokrat.az  bildirir ki, bu barədə  “Telegraph” nəşri yazıb. Komitənin enerji naziri Ed Milibendə yazdığı məktubda ət və süd istehsalının 2050-ci ilə qədər yarıya endirilməli və məhsulların bitki mənşəli məhsullarla əvəz edilməsi vacibliyi iddia edilir. Bu tədbirlər 2035-ci ilə qədər karbon dioksid emissiyalarının 1990-cı illə müqayisədə 81 % azaldılması üçün görülməlidir. Komitə rəhbəri Pirs Forsterin sözlərinə görə, ət və süd istehlakını azaltmaq üçün fermerlər üçün subsidiyaları azaltmaq, ərzaq vergilərini artırmaq və reklamlarını məhdudlaşdırmaq mümkündür. Hökumət qoyun və mal-qaranın azalmasını da düşünməlidir, çünki bu heyvanların istehsal etdiyi metan iqlim dəyişikliyinin əsas səbəblərindən biridir.

Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında təsdiqləyib ki, qapalı şəraitdə ət istehsalı iqlimə çox böyük ziyan vurur:

“Əvvəla, onu deyim ki, 1 kiloqram ət üçün 70 kiloqramdan artıq yaşıl bitki lazımdır. Yəni heyvanın 1 kiloqram kökəlməsi üçün ona 70 kiloqram ot verilməlidir. Bu otun əmələ gəlməsi üçün isə böyük həcmdə su lazımdır. Bəzən 10-20 min litr su lazım olur. Digər tərəfdən ət istehsalı torpaqları erroziyaya məruz qoyur. Bitki örtüyünün məhv olmasına gətirib çıxarır. Heyvanların açıqlıqda otlaması ot örtüyünün məhv olmasına və torpaqların erroziyasına səbəb olur. 

İkinci tərəfdən,qapalı şəraitdə ət istehsalı zamanı heyvanlar tərəfindən metan qazı buraxılır. İqlimi istiləşdirən də ən çox metan qazıdır. Buna görə xaricdə bu ideya təbliğ olunur. Ət istehsalını azaldıb tədricən bitki istehsalına keçmək fikri irəli sürülür. Bu özü də problemli məsələdir. İnsanlar ət yeyir, bunu necə azaltmaq olar. Hər kəs vegetarian ola bilməz, öz yaşayışını dəyişə bilməz. 

Dünyada insan sayının artması iqlimi dəyişdirir. İstehsal artdıqca iqlim problemləri meydana çıxır. Ət yeməkdən nə qədər insan imtina edir? Bu, asan deyil. Bəşəriyyət dilemma qarşısında qalıb, çünki insan sayı 10 milyardı keçib. Qida təhlükəsizliyi, insanların ehtiyacının artması resursların tükənməsinə gətirib çıxarır. Bu da iqlimin istiləşməsinə səbəb olur”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top