İpoteka krediti ilə mənzil almaq niyə əlçatan deyil? — SƏBƏBLƏR

GÜNDƏM 25 oktyabr 2024, 18:45
İpoteka şərtlərinin sərtliyi və ipotekanı hər kəsin əldə edə bilməməsi əsas problemlərdəndir. Bəzi vətəndaşlar nə qədər çox gəlirləri olsa da, bunu təsdiq edəcək sənəd olmadığı üçün ipoteka krediti ilə mənzil əldə edə bilmirlər. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc Demokrat.az-a problemin kökündə dayanan səbəblərdən və həll yollarından danışıb: 

"Azərbaycan sosial dövlətdir. Vətəndaşların sosial təminatının, maddi rifah halının təmin edilməsi üçün ardıcıl addımlar atmaq üçün müəyyən planlar həyata keçirir. Bu proqramlardan biri də ipoteka krediti ilə bağlıdır. Bu proqram ipoteka və kredit zəmanəti fondu vasitəsilə həyata keçirilir. MİDA-nın da həyata keçirdiyi proyektlər var. Bu proyektlərin məqsədi aztəminatlı ailələrin mənzillə təmin edilməsidir".

Onun sözlərinə görə, əvvəlki ipoteka şərtləri daha sərt idi. Şərtlər getdikcə yumşalır. Faizlər azalır. Əvvəllər 10-9-8 % idi. Təşəbbüslər sayəsində faizlər 7-ə hətta bəzi yerlərdə 6%-ə qədər düşüb:

"Doğrudur, ölkədə baş verən iqtisadi prosesləri təhlil etmədən vətəndaşların mənafeyindən çıxış edərək bəzi təkliflər irəli sürülür. Faizlərin aşağı salınması və.s tələb olunur. Faiz dərəcələrinin müəyyənləşməsi istiqamətində Mərkəzi Bankın müvafiq məlumatlarına diqqət yetirmək lazımdır. Əgər ölkə üzrə orta faiz dərəcəsi hazırda kredit faizlərindən heç də aşağı deyilsə, deməli, verilən faizlər kifayət qədər güzəştli faizlərdir. Çünki dövlət, bank və yaxud fond müəyyən ehtiyatlar hesabına vətəndaşa faizlə mənzil verir. Bununla da manatın kursunda baş verə biləcək dəyişikliklər, inflyasiya, baş verən proseslərin həmin məbləğə təsiri risklərindən özünü sığortalayır. 
Azərbaycan höküməti və müvafiq qurumlar bu istiqamətdə konkret addımlar atırlar. İqtisadiyyatımız daha da güclənəndən, müvafiq investisiyalar işğaldan azad edilən bölgələrə cəlb edildikdən, Azərbaycan istehsalçı ölkəyə çevriləndən sonra faizlərin də aşağı düşəcəyini proqnozlaşdırmaq olar"

Vüqar Oruc bildirib ki, tez-tez verilən suallardan biri də budur ki, şəxs əgər hardasa işləmirsə, faizləri necə ödəyə bilər:

"İpoteka krediti əldə etmək üçün rəsmi iş yeri tələb olunur. Həmin faizlərin ödənməsi imkanları müəyyənləşdirir. Bunun üçün MİDA layihəsi var. Digər tərəfdən müvafiq təbəqə üçün müəyyən alternativ sosial proyektlər var. Yəqin ki, gələcəkdə bu istiqamətdə işlər görmək planlaşdırılır. Çünki əhalinin bir hissəsi rəsmi iş yeri olmasa da, müəyyən aylıq gəlirə sahibdir. Həmin gəlir hansısa sənədlə təsdiqlənmədiyi üçün insanların ipoteka kreditindən istifadə etmək imkanları məhdudlaşır. Burada iki variant ola bilər. Birinci variant budur ki, hökümət həmin insanlarla bağlı müəyyən layihə düşünməlidir. Elə müəssələr var ki, gəlirlərin rəsmi göstərilməsi onlara bağlı deyil. Sahibkar və ya rəhbərlik qara iqtisadiyyat prinsiplərinə əməl edərək əmək haqqının bir hissəsini rəsmi, digər hissəsini "zərf" şəklində verir. Bununla da vergidən yayınır. Bunun üçün də müəyyən islahatlara ehtiyac var. İlk növbədə vergilər yumşaldılmalı, ƏDV limiti artırılmalıdır. Hazırki ƏDV limiti 2016-cı il bazarına uyğundur. Sahibkar görsə ki, ƏDV limiti 2-3 dəfə artırılıb və vergilər onu sıxmır işçilərin əmək haqqını tam rəsmiləşdirər. İşçilər də ipoteka və digər istehlak kreditlərindən istifadə edə biləcək. Qeyd olunan problemin həlli vətəndaşın, sahibkarın, ictimaiyyətin və hökümətin birlikdə addım atmasındadır. Bu istiqamətdə güman edirəm ki, Azərbaycan hökümətinin səyi ilə islahatlar aparıldıqdan sonra işlər görüləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi kiçik və orta sahibkarlığa hökümətin dəstəyi ilə bu problemlər həll olunacaq".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top