Qarabağ veteranının külli miqdarda pulunu kim mənimsəyib? — Baş prokurora MÜRACİƏT

GÜNDƏM 23 oktyabr 2024, 08:29
“İ and R Construction” MMC-nin təsisçisi, Birinci Qarabağ müharibəsi veteranı Məhərrəmov Rafiq Məhəmmədəli oğlu Azərbaycan Respublikasının Baş prokuroru, l dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevə ərizə ilə müraciət edib.

Demokrat.az xəbər verir ki, ərizədə deyilir: 

"Hörmətli cənab Baş prokuror!

Bildirirəm ki, 21.06.2024-cü il tarixdə, Binəqədi Rayon prokurorluğunun inzibati binasında keçirilmiş səyyar qəbul çərçivəsində mən və vəkilim Sizin tərəfinizdən qəbul edilmişəm. Buna görə də Sizə bir daha təşəkkür edirəm.

Qəbul zamanı Sizə şikayətim əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması barədə Nizami Rayon Prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş qərara Bakı Şəhər prokurorluğu və Nizami rayon prokurorluğu tərəfindən təsir edildiyini Sizə bildirmişdim. Müraciətimin məzmunu, həmtəsisçisi olduğum “İ and R Construction” MMC-də mənə çatmalı olan dividentin və cəmiyyətin əsas vəsaitlərinin cəmiyyətin digər həmtəsisçisi və direktoru Qasımov İsgəndər Bəhmən oğlu tərəfindən mənimsənilməsi, israf edilməsi ilə bağlı olmuşdur və Nizami Rayon prokurorluğunda mənim başıma gətirilənlərlə bağlı Sizə məlumat vermişdim.

Daha sonra Siz bu məsələnin obyektiv araşdırılacağının və audit yoxlamasının keçiriləcəyi ilə bağlı yanınızdakı şəxslərə göstəriş verdiniz.

Sizin qəbulunuzda olduqdan bir neçə gün sonra Bakı Şəhər Prokurorluğuna dəvət edildim və 26.06.2024-cü il tarixdə şəhər prokuroru Elşən Abbasovun qəbulunda oldum. Elşən Abbasov səmimi olaraq bildirdi ki, araşdırmaya müdaxilə edilməyəcək, düzgün, obyektiv aparılacaq və işi şəxsi nəzarətində saxlayacaq. Cənab E.Abbasov  mənim iştirakımla, Nizami Rayon Prokurorluğunun kuratoru olan əməkdaşa, material üzrə araşdırmaya nəzarətə götürməsi barədə göstəriş verdi. Material 03.07.2024-cü il tarixdə Nizami Rayon Prokurorluğuna qayıtmış və bu barədə mənə SMS-bildiriş gəlmişdir.

Bundan sonra Nizami Rayon Prokurorluğunun müstəntiqi Cavad Kürəbəyov tərəfindən materialın yenidən araşdırılmasına başlanıldı. Mənim tərəfimdən, mənimsəmə faktı üzrə ibtidai araşdırmaya məlumat verə biləcək şəxslərin adları və anket məlumatları müstəntiqə təqdim edildi. Lakin müstəntiqin araşdırmaya dəvət etdiyi şəxslərin bir neçəsi mənə zəng edərək, onlara İsgəndər Qasımov tərəfindən təzyiq olunduğunu, onun barəsində ibtidai araşdırmaya izahat verilməməsinin tələb olunduğunu bildirmişlər. Buradan belə nəticə çıxır ki, tərəfimdən təqdim edilmiş şəxslər barədə müstəntiq tərəfindən İsgəndər Qasımova məlumat verilmişdir. Əks halda İ.Qasımov bu barədə bilə bilməzdi.Bunu müstəntiq özü şəxsən mənə bildirmişdir.

Bundan başqa ibtidai araşdırmanın gedişi barədə məlumat almaq üçün dəfələrlə müstəntiq Cavad Kürəbəyova zəng etsəm də, telefonuma cavab verməmişdir. Bir aydan artıq müddət ərzində, C.Kürəbəyov tərəfindən mənim təkidli tələbimlə cəmi 3 nəfər şahidin izahatı alınmışdır. Ərizədə göstərilmiş məsələ mənimsəmə ilə bağlı olduğu üçün, cəmiyyətdə audit yoxlamasının keçrilməsi zəruridir. Lakin, audit yoxlamasının keçirilməsi üçün zəruri sənədlər İ.Qasımov tərəfindən təqdim edilmir. Bunun üçün cəmiyyətdə indiyədək keçirilmiş səyyar vergi yoxlamalarının nəticələrinə dair aktların auditora təqdim edilməsi zəruridir. Həmin aktların vergi orqanından əldə edilməsi ilə bağlı prosessual məcburiyyət tədbirlərinin keçirilməsinin zəruriliyi barədə şifahi vəsatətlərlə müstəntiqə müraciət etsəm də, həmin vəsatətlər təmin edilməmiş və səyyar vergi yoxlaması aktlarının götürülməsi üçün heç bir tədbir görülməmişdir.

Material təkrar araşdırmaya qaytarıldıqdan İ.Qasımovun izahatı alınmamış, bu barədə müstəntiqə xatırlatma etdikdə isə o, hər dəfə İ.Qasımovun rayonda olduğunu bildirmişdir. Hesab edirəm ki, barəsində araşdırma aparılan şəxsin Bakı şəhərindən kənarda olub-olmaması istintaqın gedişinə təsir etməməlidir. Həmçinin, ailəsi və sosial mühiti Bakı şəhərində formalaşmış şəxsin bir aydan artıq müddətdə rayonda qalması inandırıcı görünmür.

Araşdırmanın gedişində Cavad Kürəbəyov mənə bildirmişdir ki, əslində bu material AR Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalıdır. Mən isə bildirdim ki, materialın harda araşdırılmasının fərqi yoxdur, istədiyim yalnız hüquqlarımın bərpa edilməsidir. Beləliklə, Cavad Kürəbəyovun bütün davranışları İsgəndər Qasımovun (sanki vəkil rolunda) müdafiə edilməsinə yönəlmişdir və bu onu açıq şəkildə, gizlətmədən edir. Qeyd olunanlar onun tərəfsiz və obyektiv olduğunu, araşdırmanı cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun aparacağını əsaslı şübhə altına alır.

Göstərdiklərimi ümumiləşdirirərək bu qənaətə gəlirəm ki, MMC-nin milyonlarla vəsaitinin (dövriyyə 18 380 000.00 AZN) mənimsənilməsi faktı üzrə müstəntiq tərəfindən obyektiv araşdırma aparılmasına dair görüntü formalaşdırılsa da, yenə də əvvəlki yanaşma, yəni İ. Qasımovun himayə edilməsi gizli şəkildə davam edir. Proseslərin analizi, əslində araşdırmanın doğrudan da Bakı Şəhər prokurorluğunun nəzarətində olduğunu, lakin bu nəzarətin obyektiv və qanuni araşdırma üçün deyil, İsgəndər Qasımovun müdafiə edilməsi üçün həyata keçirildiyini təsdiq edir.

Heç bir araşdırma hərəkəti aparılmır.Sizin tapşırıqlarınız Bakı Şəhər Nizami Rayon prokurorluğunda icra olunmur. Dəfələrlə müraciət etməyimə baxmayaraq audit yoxlamanın keçirilməsi ilə bağlı tədbirlər görülmür, keçirilən audit yoxlamanın xərclərini müstəntiq Cavad Kürəbəyova mənim tərəfimdən ödənilməsini də bildirmişəm və Sizə hər cür köməklik etməyə hazıram. Amma müxtəlif yalan vədlərlə bu günə qədər heç bir tədbir görülməmişdir, belə ki şahidlər dəvət olunmur, telefon zənglərinə də cavab verilmir və audit yoxlamanın keçirilməsinə maneə törədilir. Bu barədə Bakı Şəhər Prokurorluğunda Nizami Rayon üzrə kurator Elnur müəllimə bildiriş vermişəm və bu məsələlərin Elşən Abbasova çatdırılmasını xahiş etmişəm.

Bundan əvvəl Sizə ünvanladığım ərizəmdə də göstərmişdim ki, həmin materialın Nizami Rayon Prokurorluğunda araşdırılması, əmələ düzgün hüquqi qiymət verilməsi, təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və işin ədalətli həlli baxımından məqsədəuyğun deyil. Ərizəmdə göstərdiklərim və işin faktiki halları bunu bir daha sübut edir.Qeyd edirəm ki, Nizami rayon prokurorluğunda aparılan işin yenidən ibtidai araşdırmasının nəticələri barədə 3 aydan artıq müddət keçməsinə baxmayaraq, İ.Qasımovun izahatı alınmamışdır. Bu müddətdə hansı qərar qəbul edilibsə, mənə təqdim etməkdən imtina edirlər. Bu günə qədər də hansı qərarın qəbul edilməsi barədə heç bir məlumata malik deyiləm.

Hörmətli cənab Baş prokuror, bildirirəm ki, mən Birinci Qarabağ Müharibəsinin veteranıyam və bu barədə Sizə yazdığım əvvəlki ərizəmdə də bildirmişdim. Sizə müraciətlərim Bakı Şəhər Prokurorluğuna yönləndirilir, bu qurumda materialın araşdırıması üçün heç bir addım atılmır və müraciətlərimə heç bir cavab verilmir. Sizin verdiyiniz tapşırıq icra olunmadığı və ibtidai araşdırmaya qanunsuz təsirlər davam etdiyi üçün pozulmuş hüquqlarımın müdafiəsi üçün Sizə yenidən, dördüncü dəfə müraciət edirəm. Ümid edirəm ki, bu ərizəm Sizə çatacaq.Müraciətimin Sizə çatmayacağına məndə şübhə yarandığı üçün Sizə kütləvi informasiya vasitələri və online xəbər platformalarından öz səsimi  çatdırıram.

Göstərilənləri nəzərə almağınızı, ərizəm əsasında toplanmış materialın obyektiv araşdırılması və pozulmuş hüquqlarımın bərpası üçün, materialın araşdırılmasını şəxsi nəzarətinizə götürməyinizi Sizdən dördüncü dəfə xahiş edirəm".

Tarix: 07.10.2024
Ünvan:  Cəbrayıl şəhəri, M.Ə.Rəsulzadə küçəsi 51
Telefon:  0502262776
email:   m.rafig65@gmail.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top