"Yerə zibil atmağa görə cərimə olub 400 manat, amma o zibili yerdən yığanlar...." — ETİRAZ

GÜNDƏM 23 oktyabr 2024, 14:09
 Xəbər verdiyimiz kimi, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır. Milli Məclisin iclasında məsələ müzakirəyə çıxarılıb. Siqareti yerə atmağa görə yazılan cərimələr 50 manatdan 300 manata qaldırılıb. Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında cərimələrin artırılmasına münasibət bildirib. G.Orucovanın fikrincə, ölkədə cərimələr çox şişirdilmiş formada artırılır:

“Məsələn, bəzi ölkələrdə qayda var ki, kirayə haqqını bu ildən növbəti ilə 25 faizdən çox artıra bilməzsən. Amma bizdə cərimə birdən-birə 5 qat artırılır. Bu, dövlət tərəfindən vətəndaşlara qarşı atılmış heç də doğru addım deyil. Düzdür, bu cərimələr insanların qaydalara əməl etməsi üçündür, amma bir insan eyni qaydanı 2-3 dəfə pozub cərimə olunduğunu görəndən sonra artıq qaydalara riayət etməyə başlayacaq. Cərimələrin bu qədər qaldırılmasının tərəfdarı deyiləm. Cərimə  25 faiz qaldırıla bilər, bundan artıq olmasını düzgün hesab etmirəm. Yerə zibil atmağa görə cərimə olub 400 manat, amma o zibili yerdən yığanlar 300 manat maaş alır. Bəlkə də dünyada belə bir şey yoxdur. 
İnsanları bu cür sərt cəzalandırmaq heç də yaxşı bir şey deyil, çünki bir həddən sonra insanlar etiraz da edə bilərlər. Bir çox insan bu gün ölkəni tərk  etmək istəyir. Səbəbi də qoyulan qadağalar, həyat tərzidir. İnsan düşünür ki, bu ölkədə yaşamaq ona uyğun deyil. Maşın sürən hər kəs varlı deyil. Elə maşın var ki, qiyməti 5-6 mindir, maşın sahibi aylıq maaşının bir hissəsini elə benzinə verir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top