Dünyanın ən varlı adamı siyasətin mərkəzində — İlon Mask nə istəyir?

MARAQLI 23 oktyabr 2024, 14:42
240 milyard dollardan çox sərvətə malik planetin ən varlı adamı İlon Mask ABŞ-dakı 5 noyabr seçkilərində respublikaçı Donald Trampı fəal şəkildə dəstəkləyir. Bəs İlon Mask niyə siyasətə bu qədər qarışır?

Demokrat.az xəbər verir ki, "Forbes", "Economist" və "Bloomberg"in milyarderlər siyahısına görə, 240 milyard dollardan çox sərvəti ilə planetin ən varlı adamı olan İlon Mask kəskin və mübahisəli açıqlamaları ilə gündəmdə olan iş adamıdır. Lakin onun bu yaxınlarda ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəklədiyini bəyan etməsi, seçki kampaniyasına 75 milyon dollar xərcləməsi və mitinqlərə qatılması xüsusi diqqət çəkir. 

Bəs, 2022-ci ildə aldıqdan sonra adını X olaraq dəyişdirdiyi "Twitter"dəki şərhləri ilə hər gün qalmaqala səbəb olacaq qədər siyasətlə məşğul olan İlon Mask nə istəyir?

İlon Mask son illərdə siyasi mövzularda fikirləri ilə gündəmə gəlməyə başlayıb. Müharibənin əvvəlində Ukraynaya tədarük etdiyi "Starlink" peyklərinin əlaqəsini kəsməklə təhdid edən və Rusiyanın maraqlarının ön plana çıxdığı bir sülh müqaviləsi təklif edən iş adamının Argentinanın ifrat sağçı lideri Xavyer Miley, Braziliyanın keçmiş populist prezidenti Jair Bolsonaro və digər mübahisəli şəxslərlə də yaxın əlaqələri var.

Maskın Marsda koloniyalar qurmaq, insan beyninə çip yerləşdirməklə xəstəlikləri müalicə etmək, bir çox işi insanabənzər robotlara və süni intellektə ötürmək kimi ideyaları onu bir çox insanın gözündə bəşəriyyətin xilaskarı ola biləcək uzaqgörən edir. ABŞ-da imkansız sosial qruplara qarşı pozitiv ayrı-seçkiliyi hədəfləyən mədəniyyəti tənqid edən və bunun ağıl virusu olduğunu müdafiə edən Mask sözügedən hərəkatın aqressiv mahiyyəti ilə azadlıqları məhdudlaşdırdığı qənaətindədir.

Onun bir çox ardıcılları hesab edir ki, Mask sivilizasiyaya töhfə vermək məqsədi daşıyır və bu ideyaları daha effektiv şəkildə həyata keçirmək üçün siyasətdə təsir dairəsi yaratmağa çalışır. O, həmçinin siyasətə "ABŞ-ın və sivilizasiyanın gələcəyi təhlükə altında olduğu üçün" girdiyini iddia edir. Digər tərəfdən, "The Economist" yazarı Henri Triks və "The Atlantic" analitiki Franklin Foer məşhur milyarderin siyasətdəki effektivliyini onun daha çox dövlət tenderləri alaraq sektorda rəqibsiz olmaq istəyi ilə əlaqələndirirlər.

Əvvəlki illərdə bütün siyasi düşərgələrə bərabər ianə verən Mask sui-qəsddən sonra Trampa qarşı fikrini dəyişib. Maskın Trampın hökumət xərclərini planlaşdıracaq komissiyaya rəhbərlik etmək təklifini qəbul etməyə hazır olması onun tenderlərə can atıb-atmaması sualını gücləndirir. Hər iki müəllifin təhlilində Maska məxsus olan "SpaceX"in ABŞ-ın bəzi kəşfiyyat orqanlarına və Pentaqona xidmət göstərdiyi, eyni zamanda NASA-nın əsas əməliyyatlarını həyata keçirdiyi vurğulanır. Digər tərəfdən, "Tesla" elektrik avtomobil istehsalı üçün vergi endirimləri və şarj stansiyaları üçün dövlət subsidiyaları alır. Hər iki şirkət ABŞ hökuməti ilə bağladıqları müqavilələrdən 15 milyard dollar gəlir əldə edib.

Donald Trampın dövlət xərclərini tənzimləyəcək komitəyə sədrlik etmək təklifinə müsbət yanaşan Mask onun kampaniyası üçün də pul kisəsini açıb. Kampaniyaya etdiyi 75 milyon dollarlıq ianədən əlavə, o, bu yaxınlarda Amerika PAC qrupunun "fikir azadlığını və silah daşımaq hüququnu müdafiə edən" petisiyasını imzalayan yelləncək ştatlarından hər gün bir nəfərə noyabrın 5-dək lotereyada 1 milyon dollar verəcəyini açıqlayıb. Maskın bu kampaniyasının seçki qaydalarını pozması da mümkündür. Çılğın fikirləri və qeyri-adi siyasətə qarışması ilə dünya gündəmini zəbt edən iş adamı Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə diqqəti cəlb etməyə davam edəcək kimi görünür.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top