Karpenterin Bakıya səfəri nədən xəbər verir? — AÇIQLAMA

SİYASƏT 21 oktyabr 2024, 18:15
 “Maykl Karpenter ABŞ-də çox yüksək bir post daşıyır. Güclü nüfuza sahib bir siyasətçinin Azərbaycana səfər etməsi və Prezident İlham Əliyevlə görüş keçirməsi Azərbaycanın regionda artan qüdrətini növbəti dəfə nümayiş etdirir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərtçi Tural İsmayılov deyib. T.İsmayılov qeyd edib ki, görüşdə ABŞ Prezidenti Co Baydenin ölkə başçısına yazdığı məktub da ictimailəşdi:

“Məktubda bir daha ABŞ rəhbəri Azərbaycanın regionda baş verən hadisələrdə rolunun əhəmiyyətini vurğuladı. ABŞ-nin son dövrlərdə atdığı addımlar antipatiya yaradırdı cəmiyyətdə. USAİD birdən-birə heç bir səbəb olmadan Ermənistana ayırdığı maliyyə yardımını iki dəfədən çox artırdı. Eyni zamanda Ermənistanda “Eagle Partner” adlı təlimlər keçirdi. ABŞ Dövlət Departamenti təəssüflər olsun ki, bu gün Senatda ANKA və başqa erməni diaspor təşkilatlarının əlində oyuncağa çevrilmiş siyasətçilərdən istifadə etməyə çalışır. Bunlar Amerikanın qeyri-səmimiliyini nümayiş etdirir”. 

Ekspertin fikrincə, bu səfər və Baydenin məktubu ABŞ-nin bölgədə aktivləşmək istəyinin göstəricisidir:

“Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşlər keçirildi. Xarici işlər nazirləri arasındakı görüşdən sonra hər hansı müsbət tendensiya müşahidə edilmədi. Çünki Vaşinqtonun mövqeyi bir o qədər də anlaşılan deyildi. Ola bilər ki, bundan sonra ABŞ regionla bağlı mövqeyində müəyyən dəyişikliklər etsin. Karpenterin Azərbaycana səfərini müsbət dəyərləndirirəm”.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter Bakıda Prezident İlham Əliyevlə görüşüb. O, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu və ABŞ-nin də bu prosesi dəstəklədiyini deyib.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top