Hacıqabulda kişi qızına görə meşədə cinayət törətdi — TƏFƏRRÜAT

KRİMİNAL 09 oktyabr 2024, 16:39
Hacıqabul rayonunda 1984-cü il təvəllüdlü Daşqın şəxsin münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Şakirə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Hacıqabul rayonunun kəndlərindən birinin ərazisində yerləşən meşə massivində baş verib. 

Daşqın orada həmkəndlisi Şakirlə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu qəsdən döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, Hacıqabul rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır: 

“Zərərçəkmiş Şakir mənim həmkəndlimdir. Şakir bir neçə il əvvəl mənim vəfat etmiş qızımın ünvanına söyüş işlətdiyi üçün onunla münasibətlərimiz yaxşı olmayıb. Hadisə günü, saat təxminən 11 radələrində yaşadığım kəndin ərazisində yerləşən meşəyə göbələk yığmaq üçün getdim. Həmin vaxt Şakiri də həmin ərazidə təsadüfən gördüm. Onunla rastlaşan vaxt bir əlimdə bıçaq, digər əlimdə isə sellofan torba olub. Həmin vaxt Şakir ünvanıma heç bir səbəb olmadan nalayiq söyüşlər söyməyə başladı. Şakirə yaxınlaşan zaman əlindəki bıçaqla məni vurmaq istədi. Lakin, onun əlindən bıçağı aldım və ona bir neçə şillə vurdum”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi bu cür hadisənin baş verməsini istəmədiyini, Şakiri illər əvvəl onun qızına söyüş söydüyünə görə bağışlaya bilmədiyini, lakin bununla belə onunla barışmaq istədiyini bildirib. O,  ailə vəziyyətinin nəzərə alınmasını istəyib. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Şakirin sözlərinə görə, Hacıqabul rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır, təqsirləndirilən Daşqın onun həmkəndlisidir: 

“Hadisə günü, saat təxminən 11 radələrində yaşadığım kəndi ərazisində yerləşən meşəyə göbələk yığmaq üçün getdim. Həmin vaxt Daşqını da orada gördüm. 

Daşqın heç bir səbəb olmadan arxamdan yaxınlaşaraq məni yumruq və təpiklə döyməyə başladı. Həmin vaxt mənim əlimdə bıçaq olmayıb. Mən Daşqına qarşı heç bir müqavimət göstərməmişəm. Analoji hadisə son illər ərzində iki dəfə də olub. Lakin Daşqının qohumlarının xətrinə və qonşuluqda yaşadıqlarına görə heç bir orqana müraciət etməmişəm”. 

Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxsi bağışlamadığını və onunla barışmadığını qeyd edib. 

O, təqsirləndirilən şəxsin ən ağır şəkildə cəzalandırılmasını xahiş edib.

Bu cinayət işinə Hacıqabul Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqın 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxsin üzərinə cəza müddəti ərzində yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eləcə də zərərçəkmiş şəxsin və onun ailə üzvləri ilə ünsiyyətdə olmamaq vəzifələri qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top