Azərbaycanda bu evlərə çıxarış verilməyəcək — RƏSMİ

GÜNDƏM 08 oktyabr 2024, 21:57

Son zamanlar Azərbaycanda A-frame tipli evlərin tikintisi geniş yayılıb. Bu evlər estetik görünüşü və təbiətlə harmoniya yaratması ilə diqqət çəksə də, əksər hallarda belə evlər üçün çıxarış (mülkiyyət sənədi) alınmasında problemlər yaşandığı qeyd edilir. Bu, əsasən, evlərin torpaq sahələrinin qanuni vəziyyəti ilə bağlıdır. Çıxarışın verilməməsinin səbəbləri arasında torpaq təyinatının uyğun olmaması və ya evlərin yaşayış üçün nəzərdə tutulmayan torpaqlarda tikilməsi göstərilir.

A-frame tipli evlərin çıxarış problemi ilə üzləşməsi bir neçə əsas səbəbdən qaynaqlana bilər, hətta torpaq sahəsinin sənədi olduğu halda belə. Torpaq mülkiyyətinin sənədli olması, orada inşa edilən tikilinin avtomatik olaraq çıxarış alacağı anlamına gəlmir. 

Maraqlıdır qanunla bu məsələ necə tənzimlənir?

Məsələ ilə bağlı Ajans.az-a danışan əmlak eksperti, Azərbaycan Rieltorlar Birliyinin sədri Elnur Azadov bildirib ki, mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmalıdır:

“Rəsmi olaraq Azərbaycanda çıxarış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması yolu ilə əldə edilir. Mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmalıdır. Müraciət zamanı tikintiyə aid icazə sənədləri, torpaq sahəsinin təyinatı və ya digər müvafiq sənədlər təqdim edilməlidir. Çıxarışın alınması üçün əsas şərtlərdən biri tikintinin qanun çərçivəsində həyata keçirilməsi və torpaq sahəsinin yaşayış tikilisinə uyğun olmasıdır”.

Qurum rəsmisi deyib ki, A-frame evlər ilə bağlı çıxarışın verilməməsi problemi həmin evlərin əsasən yaşayış üçün nəzərdə tutulmamış torpaqlarda, məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilməsi ilə əlaqədar ola bilər. Onun sözlərinə görə, bu tip torpaqlarda tikinti aparmaq üçün öncə torpaq təyinatının dəyişdirilməsi tələb olunur:

“Bu isə əlavə icazələr və prosedurlarla bağlıdır. Müraciət olunduqdan sonra iki həftə ərzində gözləmək lazımdır, daha sonra vətəndaşa gələn cavab görə, onun layihəsində hansı dəyişikliklərin olması bildirilir. Ola bilər ki, hansısa bir memar özündən bir A-frame ev icad edib, reklam edib müştərisini tutub. Vətəndaş evi alır, daha sonra da hansısa dövlət qurumuna müraciət edib çıxarış istəyir. Amma belə olmamalıdır”.

Elnur Azadov əlavə edib ki, torpağın sənədli olması onun üzərində yaşayış evi tikilməsi üçün icazə verildiyi mənasına gəlmir. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış tikililəri üçün icazə tələb olunur. Əgər bu icazə olmadan tikinti aparılıbsa, müvafiq qurumlar evə çıxarış verməkdən imtina edə bilər.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi Elmar Yaqubov isə bildirdi ki, Azərbaycanda A-frame evlərin daşınar əmlak sayılması səbəbindən kupça verilmir:

"A-frame tipli evlər daşınar əmlak kimi qeydiyyata alınır. Daşınar əmlakların dövlət tərəfindən kupça verilməsi prosesi əmlakın hüquqi statusu ilə bağlıdır. Daşınar əmlak, adətən, müəyyən mülkiyyət hüquqları ilə bağlı rəsmi sənədlərlə təmin edilmir. Bu səbəbdən A-frame evlərin əksəriyyətinin çıxarış (kupça) almaması məsələsi ortaya çıxır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top