Cəzaların yetərli olmaması cinayət hallarını artıra bilərmi? —YANAŞMA

KRİMİNAL 08 oktyabr 2024, 16:02
"Hesab edirəm ki, Azərbaycanda cəzalar adekvat deyil. Son dövrlərdə Avropa təşkilatlarının tələbi ilə bir çox cəzalar yüngülləşdirilib. Cəzasızlıq mühitidir. Bundan istifadə edənlər müxtəlif cinayətlərlə məşğul olurlar. İstənilən məsələni həll etmək üçün cəza mexanizmi gücləndirilməlidir. İnsanlarda qorxu yaranmalıdır ki, cinayətdən çəkinsinlər. Bəzi məsələlər maarifləndirmə ilə həllini tapmır. Söhbət cərimələrin astronomik qiymətlərə çatdırılmasından getmir. Məqsəd insanların əlindən pul almaq yox, cinayətdən çəkindirmək olmalıdır. Pul ilə həll etmək mümkün olduqda, pulu olan hamı qaydaları pozmaq haqqını özündə görür. Ağır cinayətlərdə verilən həbs müddəti artırılmalıdır". 

Bu sözləri Demokrat.az-a sosioloq Elçin Bayramlı deyib.

"Yüngül cinayətlər zamanı isə cinayət törədən şəxslər sosial işlərə cəlb edilməlidir. Digər tərəfdən bilmədən qayda pozuntusu edən şəxslərə 200-300 manat cərimə həddən artıq çoxdur. Minimum əmək haqqı 345 manat olan ölkə üçün astronomik rəqəmlərdir bunlar. Cərimələrimiz Avropa standartlarına uyğun olsa da, maaşlarımız dəfələrlə azdır. Təsadüfi qayda pozuntuları zamanı yoxsul bir vətəndaşı ağır xərcə salmaq yolverilməzdir. Mexanizm elə qurulmalıdır ki, məsələnin qarşısı alınsın. Məsələn, yol polisi qaydanın pozulmaması üçün çalışmalıdır. Məqsəd vətəndaşı çəkindirmək olmalıdır. Mexanizmin mahiyyətində məqsəd dayanmalıdır. Həmin məqsəd qayda pozuntusundan çəkindirməkdir. Ağır cinayətlərdə (cinsi istismar, qətl və.s)  isə cəzalar dəfələrlə artırılmalıdır" 

E. Bayramlı qeyd edib ki, məişət məsələlərinə gəldikdə isə əvvəl xəyanət, fahişəlik və.s kimi hallar olduqda məhkəmə cəzalandırma tədbiri görürdü:

" Uşaqlar valideyndən alınırdı. İndi bu cür cəzalar yoxdur. Ona görə ailə münaqişələri artır. Bunlar milli-mənəvi dəyərlərə ziddir. Qanunlar milli-mənəvi dəyərlər, ədalət prinsipi üzərində qurulmalıdır. Bu baxımdan cərimələr artırılmalıdır. Əks halda kütləvi şəkildə ailədaxili cinayətlər baş alıb gedir. Qanunsuz mühit yaranır, azadlıq adı altında hər cür hallar baş qaldırır".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top