“Görüş Moskvanın təklifi ilə baş tutsa, Qərb bunu Paşinyana bağışlamayacaq” — Üçtərəfli görüş gözlənilirmi?

GÜNDƏM 08 oktyabr 2024, 15:40
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün üçtərəfli görüş keçirməyi hələ ki planlaşdırmırlar. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu barədə məlumat verib. O, bununla belə, Rusiyanın bu formata etiraz etmədiyini də bildirib. 

Politoloq Natiq Mirinin fikrincə, Moskvada belə bir görüş Rusiya istəmədiyi üçün deyil, təşkil edə bilmədiyi üçün baş tutmur. N.Miri Demokrat.az-a açıqlamasında deyib ki, əksinə, Rusiya çox istərdi ki, münaqişə tərəfləri olan iki dövlət başçısını görüşdürsün: 

“Bu, Rusiya üçün kiçik də olsa, siyasi uğur olardı, çünki bu, ABŞ-nin də son bir ildə edə bilmədiyi bir məsələdir. Bir neçə gün öncə ABŞ-nin təşəbbüsü ilə BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Bu, gələcəkdə dövlət başçılarının görüşü, strateji qərarlar verməsi üçündür. Bunun üçün mövqelər yaxınlaşdırılmalı, həll olunmayan məqamlar üçün ortaq məxrəc tapılmalıdır. Ancaq hələ də 16 bənddən 3-ü dövlətlər arasında razılaşdırılmayıb, yaxın perspektivdə də bu gözlənilmir. Çünki Azərbaycan Ermənistanın konstitusiyasının dəyişdirilməsi üçün referendum keçirilməsini tələb edir. Ermənistan isə bunu etmək üçün zamana ehtiyacı olduğunu iddia edir”. 

Ekspert hesab edir ki, dövlət başçılarının qısamüddətli görüşü olsa belə mahiyyət dəyişməyəcək:

“Hər hansı bir siyasi anlaşmadan söhbət gedə bilməz. Çünki Ermənistan ictimaiyyəti buna hazır deyil. İlin sonuna qədər belə bir görüş baş tutsa belə irəliləyiş olacağını düşünmürəm. Hətta Ermənistan havadarlarının sözü ilə Azərbaycanı bəzi məsələlərdə razılığa gətirmək istəyir. Qondarma separatçı qurumun başçılarının geri qaytarılması, dustaqların azadlığa buraxılması, eyni zamanda sülh sazişini razılaşdırımış 13 bənd əsasında bağlamaq istəyir. Düşünmürəm ki, Azərbaycan Qərbin təzyiqləri altında bu güzəştləri etsin, çünki nəticəsi Azərbaycanın özünə sonradan mənfi təsir edə bilər. Həm də, Azərbaycanla Ermənistan arasında görüş Moskvanın təklifi ilə baş tutarsa, Qərbdə bunu Nikol Paşinyana bağışlamazlar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top