"Əsrin müqaviləsi" Azərbaycanı logistik mərkəzə çevirdi — Millət vəkili

SİYASƏT 17 sentyabr 2024, 17:30
““Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Biz, əgər, 90-cı illərin əvvəllərini xatırlasaq, açıq şəkildə deyə bilərik ki, “Əsrin müqaviləsi”nin imzalanması özü bir möcüzə idi. Bu, ulu öndər Heydər Əliyevin gücü hesabına ərsəyə gələn bir layihə idi. Çünki faktiki olaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iqtisadi vəziyyəti acınacaqlı idi, torpaqlarının 20 faizi işğal altında idi. Ölkədə vətəndaş müharibəsi yeni dayandırılmışdı, müstəqilliyimiz hələ də tam zəmanət altında deyildi. Bu gərgin və təhlükəli bir dövrdə ulu öndər Heydər Əliyev tərəfindən öncə atəşkəsin əldə edilməsi, daha sonra isə Rusiyanı razı salaraq Qərb dövlətlərini təmsil edən neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması baş tutdu”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. N.Həmzəyev qeyd edib ki, Azərbaycanın büdcə imkanları həmin dövrdə yox səviyyəsində idi və bu cür meqa layihəni neftinə və neft sənayesi ilə bağlı mövcud potensialına arxalanaraq həyata keçirməyə başladı: 

“Ulu öndərin gücü hesabına fərqli mövqelərdə olan güc mərkəzlərini Bakıda bir araya gətirirək bir məqsədə xidmət etməyə razı salmaq mümkün oldu. “Əsrin müqaviləsi” imzalanandan qısa bir müddət sonra Azərbaycanda neft sənayesi inkişaf etməyə başladı. Azərbaycanın dünya bazarlarına çıxışı üçün ilkin addımlar atılmağa başlandı. İqtisadiyyatın özülləri möhkəmləndirildi. Bügünkü Azərbaycanın iqtisadi gücünün əsasını ulu öndərin dövründə təməli qoyulan neft strategiyası təşkil edir”. 

Millət vəkili nəzərə çatdırıb ki, “Əsrin müqaviləsi”ndən sonra Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars meqa layihələri həyata keçirildi: 

“Daha sonra biz TAP, TANAP layihələrini reallaşdırdıq. Bundan şaxələnərək hətta Şərqi Avropaya, Balkanlara Azərbaycan öz qazını ötürür. Azərbaycan qazını əldə etmək istəyən bir sıra ölkələr var. Azərbaycan Avropanın  enerji təhlükəsizliyində fəal rol oynamaqdadır. Həyata keçirilən uğurlu neft-qaz layihələri Azərbaycan ərazisini həm də logistik mərkəzə çevirib. Azərbaycan bu gün ənənəvi enerji ölkəsi olmaqla “yaşıl enerji” ixracının həyata keçirilməsi üçün layihələrə ev sahibliyi edir. Ölkəmizə sərmayə qoyan böyük şirkətlər var, Azərbaycanın “yaşıl enerji” resurslarının işlənməsi və Qara dənizin dibi ilə Avropaya nəqli üçün işlər görülür.
Əgər 30 il bundan öncə “Əsrin müqaviləsi” imzalanmasaydı, nə Azərbaycanın bu cür güclü inkişafı olardı, nə də Azərbaycan torpaqlarını işğaldan azad edərək suvereneliyini bərpa edə bilərdi. Ulu öndər tərəfindən əsası qoyulan bu uğurlu strategiya cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan bu gün regionun aparıcı və güclü dövlətidir. “Əsrin müqaviləsi”ni hər zaman fəxarətlə xatırlamalı və gələcək nəsillərə də bu tarixi ötürməliyik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 08:34
19 sentyabr 2024, 08:24
Top