"27 ildə bircə dəfə həmin qurumun ekspertiza apardığını görməmişik..." — İstehlakçılar narazıdırlar

SİYASƏT 16 sentyabr 2024, 14:18
Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və təbiiinhisarların fəaliyyəti ilə əlaqədar 4 550 istehlakçının müraciətinə baxılıb. Dövlət Xidmətinin məlumatında bildirilir ki, müraciətlərin 53,2 %-i qeyri-qida, 5 %-i qida, 39,6 %-i xidmət, 1,9 %-i dərman vasitələri və tibbi avadanlıqlar, 0,3 %-i isə digər sahələrlə bağlı olub. Qurum bəyan edib ki, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində pozuntu hallarının qarşısının alınması, vətəndaş müraciətlərinə çevik şəkildə baxılması istiqamətində fəaliyyət davam etdirilir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, istehlakçıların hüquqlarının qorunması sahəsində adıçəkilən qurum kifayət qədər məsuliyyət nümayiş etdirmir: 

“İstahlakçılar Dövlət Xidmətinə müraciət etmək əvəzinə Azad İstehlakçılar Birliyinə zəng edirlər. Nə vaxt ki, “102” Qaynar Xəttinə zəng edirlər, bizim nömrəmiz verilir, telefonda şikayətlərini dinləyirəm. Adıçəkilən qurum bir müddət əvvəl cənab Prezidentin sərəncamı ilə Prezidentə tabeli quruma çevrildi. Bu, çox yaxşı haldır, çünki bu qurum İqtisadiyyat Nazirliyinin tabeliyində ola bilməzdi. Nazirliyin strateji məqsədi biznesi inkişaf etdirməkdir, istehlakçının hüququnu qorumaqsa biznes mənafelərinə ziddir. Ümid edirik ki, həmin qurum bundan sonra daha yaxşı işləyəcək”. 

E.Hüseynov hesab edir ki, qurum iş mexanizmini yenidən gözdən keçirməlidir:

“Bu vaxta qədər biz birliyə daxil olan şikayətlərdən mediasiya yolu ilə həll edə bilmədiklərimizi göndərirdik həmin quruma. Daha sonra qurum vətəndaşın hüququnu pozan tərəfə rəsmi məktub yazırdı. İstehlakçı hüququnu pozan tərəf dövlət qurumuna istehlakçını haqsız çıxaran cavab göndərirdi. Qurum həmin cavabın nüsxəsini həm mənə, həm də istehlakçıya göndərirdi və sonda deyirdi ki, gedin, məhkəməyə müraciət edin. Guya araşdırdılar... 27 ildə bircə dəfə həmin qurumun ekspertiza apardığını görməmişik. Bu, gülüncdür. Dövlət orqanı belə işləməməlidir. Əhalinin Azad İstehlakçılar Birliyinə inamı çoxdur, amma bu, heç də qürurverici hal deyil. Əksinə, dövlət orqanı elə işləməlidir ki, bizim birliyi axtaran olmasın. İstehlakçılar aidiyyəti quruma müraciət etsinlər və hüquqları qorunsun”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top