Daşınmaz əmlakın qiyməti artmağa davam edəcək — İqtisadçı səbəblərdən DANIŞDI

GÜNDƏM 13 sentyabr 2024, 20:57
Ölkədə tikinti materiallarının qiymətində artım müşahidə olunur. Qiymət dəyişikliyi yeni tikililərin qiymətinə də təsirsiz ötüşmür. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev “Report”a açıqlamasında bildirib ki, tikintinin maya dəyəri artdığına görə şirkətlər də qiyməti artırır. 

Məsələyə iqtisadçı Eldəniz Əmirovun münasibətini öyrəndik.

E.Əmirov Demokrat.az-a açıqlamasında qeyd etdi ki, ölkədə tikinti materiallarının qiymətinin davamlı olaraq qalxması hazırkı makroiqtisadi şəraitdə başa düşüləndir:



“Bu gün qlobal iqtisadiyyatda iqtisadi böhran qorxusu, dünya iqtisadiyyatının gələcəyilə bağlı suallar bir çox ölkələrdə bazar iştirakçılarının davranışında riskləri ciddi şəkildə diqqətə almağı zəruri edir. Oxşar vəziyyət Azərbaycanda da yaşanmaqdadır. Belə vəziyyətlərdə daşınmaz əmlak birmənalı olaraq investorların, eləcə də əlində sərf edə biləcək vəsait olan insanların müraciət edəcəyi ən etibarlı vasitəyə çevrilir. Buna görə də daşınmaz əmlaka olan tələb birmənalı olaraq artır. Bu, tikinti sektorunda da canlanma yaradır. Tikinti sektorunda olan artımlar, ümumdaxili məhsulda tikinti sektorunun payı və digər makroiqtisadi göstəricilər bunu təsdiq edir. Belə olan şəraitdə tikintinin həcmi təbii ki, artır və nəticədə tikinti materiallarına tələb də çoxalır. Tələbin artması hər zaman olduğu kimi qiyməti də artırır”. 

Ekspert bu prosesin uzun müddət davam edəcəyini düşünür:

“Müəyyən mövsümi dövrlərdə tikinti materiallarının qiymətində müəyyən qədər azalmalar müşahidə edilə bilər. Amma bu, davamlı olmayacaq, əksinə, qiymət artımları daha uzunmüddətli dövrü əhatə edəcək”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top