Millət vəkili: “AŞPA Şvabe kimi saxtakarların mövqeyindən çıxış edir”

GÜNDƏM 13 sentyabr 2024, 13:33
“Amerika Birləşmiş Ştatlarının və Qərbin dünyada gedən proseslərə, yaranmış yeni reallıqlara, xüsusən də müstəqil siyasət yeridən ölkələrə münasibəti heç də beynəlxalq hüquq normaları ilə uzlaşmır. İkili standartlar özünü aydın büruzə verir. Sözsüz ki, bu münasibət müstəqil dövlətlərə təsir etmək məqsədi güdür. Azərbaycan da bu təsirlərə məruz qalan ölkələrdəndir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. T.Rzayev qeyd edib ki,  Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın heç bir beynəlxalq təşkilatın, dövlətin diqtəsi ilə hərəkət etmədiyini vurğulayıb:

“Bizim öz yolumuz, ali məqsədlərimiz var. Əlbəttə ki, bu yol demokratiya, azadlıq, bərabərlik, insan haqlarına hörmət, beynəlxalq normalara əməl edilməsidir. Bunu ABŞ və bəzi Avropa ölkələri qəbul edə bilmirlər. Bu səbəbdəndir ki, ölkəmiz haqqında qərəzli fikirlər səsləndirilir, qətnamələr qəbul edilir və əksər hallarda haqq səsimiz eşidilmir. Azərbayan  bu ikili standartları heç vaxt qəbul etməyəcək”.

Deputatın sözlərinə görə, bu gün dünyanın bəzi aparıcı dövlətləri, xüsusilə Fransa başda olmaqla bir sıra Avropa ölkələri müstəmləkəçiliyi, irqçiliyi müdafiə etməkdədir:

“Bu məqsədlə də alman deputat Frank Şvabe kimi rüşvətxor, ikiüzlü deputatlardan, siyasi  dairələrdən, beynəlxaq təşkilatlardan istifadə edilir. AŞPA-da Azərbaycanın səsvermə hüququnun dondurulması, ölkə başçısının AŞPA-dakıların niyyətini açıq şəkildə bəyan etməsi AŞPA və onun təcavüzkar siyasətini dəstəkləyən deputatların ürəyincə deyil. AŞPA ilə əməkdaşlıq sağlam münasibətlər üzərində qurulmalıdır. Təəssüflər olsun ki, AŞPA bu gün ayrı-ayrı lobbilərin və Şvabe kimi saxtakarların mövqeyindən çıxış edir. Bu, təşkilatın nüfuzunu aşağı salır. Bu cür qurumda təmsil olunmaq fikrimcə, lazım deyil. AŞPA Ermənistanın təcavüzkar mövqeyini müdafiə edir və onu yeni müharibələrə sövq edir. Cənab Prezident İtaliyaya səfərində qeyd etdi ki, AŞPA Azərbaycanla münasibətlərində beynəlxalq hüququn prinsiplərinə əməl etməsə, onun bir çox üzvlərinin Azərbaycana səfərləri qadağan ediləcək. Bu qurumda fəaliyyət göstərmək Azərbaycanı öz mövqeyini və həqiqətlərini  dünyaya çatdırmaq baxımından əhəmiyyətlidir. Ancaq buna imkan yaradılmırsa və fəaliyyətimiz burada məqbul hesab edilmirsə, Azərbaycan münasibətləri yenidən nəzərdən keçirərək qurumu birdəfəlik tərk edə bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top