Hüquqşünas: “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişaf etdirilməsinə böyük ehtiyac var”

SOSİAL 11 sentyabr 2024, 17:14
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldilir. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir. Bu baxımdan, cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.

Hüquqşünas Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişaf etdirilməsinə böyük ehtiyac var:

“17 il Ədliyyə Nazirliyi yanında penitensiar sistemə ictimai nəzarəti həyata keçirən komitənin üzvü olmuşam. Bütün cəzaçəkmə müəssisələrində olmuşam. Onların bir çoxunda peşə təhsili məktəbləri var idi, amma formal xarakter daşıyırdı. Sinif otaqlarına da baxmışdıq, davamiyyəti də dəfələrlə yoxlamışdıq. Lazımi şərait yox idi, davamiyyət yox idi. Avadanlıqlar köhnə idi, 70-ci illərdən qalma avadanlıqlardan istifadə olunurdu. Bir sözlə, müəyyən peşələrin nəzəri və praktiki öyrənilməsi üçün şərait yox idi. 

Cəzaçəkmə müəssisələrində peşə təhsili verilməlidir, amma formal olaraq, sadəcə attestat vermək üçün yox. Ədalət naminə onu da deməliyəm ki, bəzi müəssisələrdə Penitensiar Xidmət,Ədliyyə Nazirliyi qısamüddətli kurslar təşkil edirdi. Məsələn, kompüter kurslarını ixtisaslaşmış şirkətlərin nümayəndələri tədris edirdi, sertifikatlar verilirdi. Bu yolla çox sayda insan peşə təhsilinə yiyələnirdi. Amma mövcud peşə məktəblərində vəziyyət ürəkaçan deyildi. 

Düşünürəm ki, Sərəncam imzalanıbsa, bu sahədə əsaslı işlər görülməlidir. Müasir tədris yerləri müəyyənləşdirilməlidir, avadanlıqla təchiz edilməlidir, işə ixtisasını yaxşı bilən müəllimlər cəlb edilməlidir. Tədris real həyata keçirilməlidir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top