Bakıda müdir işçisi ilə sevgili oldu — Arvadından ayrıldı... (TƏFƏRRÜAT)

HADİSƏ 11 sentyabr 2024, 15:40
Bakının Nizami rayonunda 1971-ci il təvəllüdlü Fərman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Ləmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Fərman Ləmanın onunla aralarında olan münasibətin pozulması ilə əlaqədar sonuncunun barışmaq istəməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib. Ona qarşı zor tətbiq edərək şillə ilə bir neçə dəfə sifət nahiyəsinə qəsdən vurub. 

Hadisəni törədən Fərmanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, yüngül dərəcəli debillik kəskin psixopatabənzər sindromu diaqnozu ilə ikinci dərəcəli əlildir: 

“Zərərçəkmiş Ləman ilə altı il olar ki, tanış olmuşam. Həmin müddətdə işlətdiyim Suraxanı rayonu ərazisində yerləşən otaq qapılarının satışı mağazasında Ləman satıcı işləyib. Onunla dostluq münasibətlərimiz yarandıqdan bir müddət sonra aramızda qeyri-rəsmi münasibət yaranıb. Dini kəbinlə ər-arvad münasibətlərimiz olub. Birinci ailə həyatından olan arvadım Ləmanla olan münasibətimi bildiyindən son üç ildir ki, münasibətlərimiz korlanaraq ər-arvad münasibətlərimiz sonlanıb. Həmin müddətdə Ləmanla qeyri-rəsmi yaşamışıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, son vaxtlarda aralarında baş vermiş mübahisələrə görə Ləman ondan ayrılmaq qərarına gəlib: 

“Hadisə günü, saat 22 radələrində Ləman zənglərimə cavab vermədiyindən söhbət etmək üçün dırnaq ustası işlədiyi Nizami rayonu, Q.Qarayev prospektində yerləşən gözəllik salonunun yaxınlığına getdim. Həmin vaxt Ləmanın gözəllik salonundan bir neçə iş yoldaşları ilə çıxaraq iş yoldaşının avtomobilinə əyləşdiyini gördüm. Dərhal onun yanına yaxınlaşaraq avtomobildən enməsini və ona sözlərimin olduğunu bildirdim, birlikdə getməyimizi xahiş etdim. Bir neçə dəfə xahiş etdikdən sonra Ləman avtomobildən endi və birlikdə üzü 74 nömrəli bina tərəfə hərəkət etdik. Binanın yanında piyada hərəkət edərək münasibətlərimizi bərpa etmək məqsədilə söhbət edən zaman Ləman münasibətimizi davam etdirmək istəmədiyini bildirdi. Ona cavab olaraq bundan sonra hər şeyin yaxşı olacağını dedi. Lakin Ləman sözlərimə məhəl qoymayaraq kobud formada münasibətlərimizi sonlandırmaq istədiyini, bir daha onu narahat etməməyimi bildirdi. Sonra ünvanıma nalayq ifadələr işlətdi. Ünvanıma nalayiq ifadələr işlətdiyinə görə əsəbiləşdim və sağ əlim ilə Ləmanın sifət nahiyəsinə bir neçə dəfə şillə ilə vurdum. Həmin vaxt yaxınlıqdakı məhəllədə olan insanlar Ləmanla aramızda olan mübahisəni eşitdilər, yanımıza gəldilər və mübahisələrimiz orada başa çatdı”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, Fərmanın işlətdiyi otaq qapılarının satışını həyata keçirən mağazada satıcı işlədiyi üçün onunla tanışlığı yaranıb, onunla uzun müddət dostluq münasibətindən sonra aralarında qeyri-rəsmi ər-arvad münasibətləri olub: 

“Fərman ailəli və övladları olsa da, mənimlə 5 ilə yaxındır ki, qeyri-rəsmi ər-arvad münasibəti yaşamışam. Bir neçə ay olar ki, Nizami rayonu, Q.Qarayev prospekti 94 ünvanında yerləşən gözəllik salonunda dırnaq ustası işlədiyim üçün Fərman məni yersiz qısqandığından son bir neçə gün müddətində aramızda mübahisələr yarandı. Həmçinin çətin xasiyyətli olduğundan ondan ayrılmaq qərarına gəldiyimi dedim. Lakin, Fərman məndən ayrılmaq istəmədiyini bildirdi, mütəmadi mübahisələr etdiyindən onun telefon zənglərinə cavab vermədim”. 

Zərərçəkmiş qetd edib ki, hadisə günü, təxminən saat 22 radələrində işlədiyi gözəllik salonundan iş yoldaşları ilə birlikdə çıxıb və yaşadığı ünvana getmək üçün iş yoldaşına məxsus avtomobilə əyləşib: 

“Avtomobilə əyləşən zaman Fərman kənardan yanıma yaxınlaşdı və avtomobildən enməyimi məcbur edərək mənə sözü olduğunu dedi. İş yoldaşlarımın yanında Fərmanın məni  biabır edəcəyindən ehtiyat etdim və avtomobildən endim. Onunla birlikdə piyada hərəkət etdim. Piyada hərəkət edərək Fərmanla münasibətimi davam etdirmək istəmədiyimi, məni rahat buraxmağını xahiş etdim. Bu zaman Fərman önümə keçərək dayandı, ünvanıma nalayiq ifadələr işlədərək məndən ayrılmayacağını bildirdi. İlk olaraq şillə ilə iki dəfə sifət nahiyəmə vurdu. Fərman məni vurduqda ünvanıma işlətdiyi nalayiq ifadələrin özünə məxsus olduğunu dedim. Fərman yenidən sifət nahiyəmə bir neçə dəfə şillə ilə vurdu, zərbənin təsirindən arxaya gedərək yolun kənarında çəkilmiş məftil setkaya dəydim. Bu zaman ətrafdan keçən tanımadığım şəxslər Fərmanın məni vurduğunu görərək yanımıza gəldilər, bizi ayırdılar”. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Fərman 1200 manat miqdarında cərimə olunub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 22:30
Top