Meymunçiçəyindən necə QORUNAQ? — İnfeksionistdən vacib TƏLİMAT

SOSİAL 07 sentyabr 2024, 12:47
Dünya yeni xəstəliklə üz-üzədir. Bu dəfə bir neçə ölkədə tapılan  “meymunçiçəyi” kimi də tanınan mpox virusudur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılma ehtimalını nəzərə alaraq dəfələrlə dünya ölkələrinə müraciət edib.

Dünən, sentyabrın 5-i ölkəmizdə bir neçə dövlət qurumunun nümayəndələri görüş keçirərək, bir çox ölkədə “meymunçiçəyi” virusunun sürətlə yayılmasını nəzərə alaraq ölkə ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi qənaətinə gəliblər.

Mütəxəssislərin rəylərinə görə, ilk simptomları qızdırma, baş ağrısı, şişkinlik, əzələ ağrısı və ümumi halsızlıqla müşahidə olunur. Daha sonra bədəndə səpgilər yaranır və xəstəlik 14-21 gün davam edir.

Bəs bu xəstəliyin müalicəsi necə aparılır? Meymunçiçəyindən qorunmaq üçün nə etməliyik?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist Mərdan Əliyev deyib ki, xəstəliyin spesifik müalicəsi yoxdur:

“Xəstəliyin müalicəsi üçün bəzi dərmanlar var, amma spesifik pereparat yoxdur. Erkən mərhələdə aşkar olunanda müalicə etmək olur. Bu xəstəlik infeksion xəstəlikdir. Sadəcə olaraq, xəstəlik dəri təzahürləri ilə də özünü göstərir. Əvvəllər təbii çiçək virusu vardı, meymunçiçəyi də o qrupdan olan bir virusdur. Dəridə müəyyən papulalar əmələ gəlir və sonra da yaraya çevrilir və xəstəlik sağaldıqdan sonra o da sağalıb gedir. Müxtəlif çapıq izləri qalsa da sağalır”.

Həkim xəstəlikdən necə qorunmağın yollarını da izah edib:

“Bu virusdan qorunmaq asandır. Çünki insanın xəstə olduğu kənardan asanlıqla bilinir. Buna görə təmasda olduğumuz şəxsin xəstə olub olmadığını bilirik. Onun əl və üzünə baxdıqda bunu görmək mümkündür. Xəstədirsə, o zaman təmas yolu ilə yoluxduğu üçün bu şəxslə təmasda olmamaq, əl-ələ görüşməmək, öpüşməmək lazımdır”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top