Abşeronda ər-arvad DAVASI

HADİSƏ 28 avqust 2024, 13:12
Abşeron rayonunda 1969-cu il təvəllüdlü Əkbər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zibeydəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 8-də Xırdalan şəhərində baş verib. 

Əkbər həmin gün, gecə saat 1 radələrində arvadı Zibeydənin ona mütəmadi olaraq spirtli içkilər içərək sərxoş olması və evin televizoruna yüksək səs verməsi ilə bağlı iradlar bildirməsi səbəbindən, yəni ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edib. 

O, Zibeydənin üzərinə hücum edib, onun sifət, baş, bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla qəsdən ardıcıl zərbələr vurub. 

Hadisəni törədən Əkbərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əkbər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Zibeydə ilə 1992-ci ildə ailə həyatı qurub, birgə nikahdan iki uşaqları var: 

“Mən uzun zamandır mütəmadi olaraq spirtli içki qəbul edirəm. Hadisə günü, gecə saat 1 radələrində yaşadığı Xırdalan şəhərində yerləşən evimə sərxoş vəziyyətdə gəldim. Həmin vaxt arvadım Zibeydə evdə yatıb. Mən evə daxil olanda sərxoş olduğum üçün arvadımla aramızda söz mübahisəsi yarandı. 

Mübahisə zamanı Zibeydə mənim spirtli içki qəbul etməyimə görə irad bildirdi. Baş vermiş mübahisə zamanı Zibeydənin baş və bədən nahiyəsinə yumruqla, şillə ilə bir neçə dəfə qəsdən vuraraq onu döydüm. Zibeydə bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi. Baş vermiş mübahisə zamanı yanımızda “şizofreniya” xəstəsi olan qızımız olub”.  

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zibeydənin sözlərinə görə, əri Əkbər spirtli içki aludəçisidir, uzun zamandır spirtli içki qəbul edir: 

“Əkbər hər dəfə sərxoş vəziyyətdə olarkən mənimlə əsassız olaraq mübahisə yaradır, məni təhqir edərək döyür. Hadisə günü evdə yatan zaman Əkbər televizora yüksək səslə baxdığı üçün ona televizorun səsini azaltmağı bildirdim. 

Əkbər isə bu sözümə görə mənimlə mübahisə edərək həmin vaxtı evdə olan “şizofreniya” xəstəliyindən əziyyət çəkən qızımı təhqir etdi. Bu səbəbdən aramızda yaranmış mübahisə zamanı Əkbər başıma və bədənimin müxtəlif nahiyələrinə yumruqla, şillə ilə bir neçə dəfə zərbələr vuraraq məni döydü. Mən də bu barədə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng edərək, şikayət etdim”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əkbərin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top