İnternetin sürət və keyfiyyətinin artırılması inkişafa birbaşa təsir edir

GÜNDƏM 17 avqust 2024, 13:18
İnformasiya texnologiyaları bütün dünyada inkişaf edir. Texnoloji yeniliklər həyatın bütün sahələrini əhatələyir. İndi demək olar ki, dünyanın bütün nöqtələrində internet xidmətləri əlçatan olub. Bütün dünyada internetin sürəti artır. Azərbaycanda da bu sahədə inkişafı görmək mümkündür. Yeni tikilən məktəblər internetlə təmin olunur, distant təhsilə keçid edilir. Əhalinin yüksək sürətli internetə tələbatı artır. Bu amillər internetin keyfiyyətinin artmasını tələb edir. Hazırda ölkədə internetin minimal sürəti 100 Mbit/s-dən başlayır. Bu, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədinə xidmət edir. “Speedtest Global Index”in məlumatına görə bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə irəliləyərək 162 ölkə arasında 109-cu yerdə qərarlaşıb. Mobil internetin sürətinə görə isə ötən ay 111 ölkə arasında 49-cu olub. 


Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu internet xidmətləri sahəsindəki inhisarçılığın qarşısının alınmasına da müsbət təsir göstərib. Belə ki İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması faktları üzrə araşdırmalara başlayıb. Xidmətin məlumatına görə son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib. Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe  vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. 

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlamasında internet xidmətlərindəki inkişafı müsbət dəyərləndirib:



“Sürət və keyfiyyətin artırılması inkişafa birbaşa təsir edir. Buna görə də qiymətlərdə də dəyişiklik olması təbiidir. İnformasiya texnologiyalarının inkişafı yüksək sürətli internet resursu tələb edir. Bu inkişafı onlayn konfransların, görüşlərin keçirilməsində, distant təhsilin fonunda daha aydın müşahidə edə bilərik. Pandemiya zamanı Azərbaycanda həm də distant təhsildə ilk adddımlar atıldı. Məktəblər, universitetlər məsafədən təhsilə başladı. Bu, həm təhsil ocaqlarının, həm də şagird, tələbə və müəllimlərin, eyni zamanda valideynlərin, yəni bütövlükdə cəmiyyət üçün yenilik idi. Biz gördük ki, yüksək sürətli internet çox ehtiyacımız var. Böyük şirkətlər, hətta dövlət qurumlarının iclasları, dövlət əhəmiyyətli görüşlər hətta onlayn formada video formatında keçirilməyə başlamışdı həmin dövrdə. Bu da yenə özlüyündə yüksək sürətli internetə tələbatı gündəmə çevirmişdi. Sürətli internetə ucqar kəndlərdə əlçatanlıq çox aşağı səviyyədə idi. Lakin indi GPON adlanan internet şəbəkəsinin əhatə dairəsi 92%-ə çatdırılıb, ən ucqar kəndlərdə belə yüksəksürətli fiber-optik internet xəttləri çəkilir. İnformasiya kommunikasiya texnologiyalarından, müasir mobil cihazlardan istifadə getdikcə artır, bu tendensiya yüksək sürətli internetə qoşulmağı zəruri edir.

Bəzi internet provayderləri xüsusi güzəşt tarifləri, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli tarif paketləri təqdim edir. Düşünürəm ki, sosial vəziyyəti aşağı olan ailələrə də ödənişlərdə güzəştlər edilə bilər. Ölkədə bəzi provayderlər bir neçə ay stabil ödəniş edən müştərilərdən müəyyən ay və günlər fonunda internet pulu almayaraq güzəştlər edir və yığdığı balları ödənişə dəyişir. Bu məsələdə xarici təcrübədən də istifadə etmək olar”. 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov sayta açıqlamasında deyib ki, ölkədə genişzolaqlı internetin minimal sürətinin 100 Mbit/s-dən başlaması beynəlxalq reytinqlərə və orta illik sürətin artımına müsbət təsir edəcək:


“İnternetin keyfiyyətinin yaxşılaşdırılması müasir dövrün tələbidir. Tariflərin dəyişdirilməsindən sonra bəzi insanlar narazılıq edirlər ki, qiymətlər qalxıb.  Sürətlə müqayisədə qiymət artmayıb, əksinə ucuzlaşıb. Avropa ölkələrində minimal sürət artıq 500 Mbit/san-dir, qonşu ölkələrdə də ən aşağı limit 100 Mbit/san-dən başlayır. Hesab edirəm ki, ailə təsərrüfatı üçün ən aşağı tarifin 100 Mbit/san olması normaldır. İnternetin sürətinin artması, keyfiyyətin yaxşılaşması insanlara virtual aləmdə daha aydın görüntü əldə etməyə, keyfiyyətli kontent yerləşdirməyə, keyfiyyətli məlumat mübadiləsi etməyə imkan verəcək”.

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində hazırlanıb. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 13:19
Top